Aztv-nin əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.
Bugun.tv xəbər verir ki, bu barədə Azərbaycan Televiziya və Radio Verilişləri QSC bəyanat yayıb.
Bəyanatda deyilir:
“Azərbaycan Televiziya və Radio Verilişləri QSC olaraq baş verən bu hadisəni şiddətlə qınayır, bunun yalnız Azərbaycan jurnalistlərinə deyil, ümumilikdə söz və ifadə azadlığına, azad jurnalistika fəaliyyətinə basqı hesab edirik. Biz Fransanın hüquq mühafizə orqanlarından bu hadisəni obyektiv araşdırmağı, jurnalistlərə silahlı hücum edən şəxslərin müəyyənləşdirilməsini və cəzalandırılmasını, dəymiş zərərin ödənilməsi üçün lazımi tədbirlər görməyi tələb edirik”.
