Azərbaycanın 19 nəfərlik nümayəndə heyəti “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Ermənistana səfər edib.
Səfər çərçivəsində bu gün və sabah Azərbaycan və Ermənistan arasında keçiriləcək dəyirmi masa görüşlərində hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Bugun.tv xəbər verir ki, əldə edilən məlumata görə, Azərbaycan nümayəndə heyəti bütün zəruri prosedurlardan keçərək quru sərhəd xətti vasitəsilə Ermənistana daxil olub.
Görüşlərdə Azərbaycan və Ermənistanın qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti təmsilçilərinin bir araya gəlməsi planlaşdırılır.
Daha geniş iştirakçı heyəti olacaq
Bildirilir ki, “Sülh Körpüsü” təşəbbüsünün əsas iştirakçılarından əlavə, hər iki tərəfdən daha geniş nümayəndə qrupu da dəyirmi masa müzakirələrində iştirak edəcək.
Məlumata görə, keçiriləcək görüşlərdə Azərbaycan tərəfindən 19, Ermənistan tərəfindən isə 20 vətəndaş cəmiyyəti nümayəndəsinin iştirak edəcəyi gözlənilir.
Mənbə: TGRT Haber
