8 C
Baku
12 Dekabr 2024, 6:53
Baş xəbər

Azərbaycan parlamenti də milli maraqlara və ölkənin inkişafına xidmət edən səmərəli fəaliyyətini uğurla davam etdirir – Fatma Yıldırım

Bir neçə gün öncə Azərbaycan parlamentinin yaradılmasının 106-cı ildönümünü qeyd etdik. 1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin yaradılması tariximizin şanlı səhifələrindən biridir. Parlamentli respublika sisteminin tətbiq edilməsi, demokratik və dünyəvi dövlətçilik yolunda ardıcıl və məqsədyönlü addımların atılması təkcə Azərbaycanın deyil, bütün müsəlman Şərqinin siyasi həyatı üçün əlamətdar oldu. Bu dövrdə parlament qəbul etdiyi qanun və qərarlarla milli dövlətçiliyimizin əsaslarının gücləndirilməsinə tarixi töhfələr verib.

Xalq Cümhuriyyətinin varisi olan müasir müstəqil Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir, tarixi nailiyyətlər qazanır və yeni zirvələr fəth edir. Ümummilli Liderimiz Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan beynəlxalq müstəvidə güclü və nüfuzlu dövlət kimi qəbul olunur. Azərbaycan parlamenti də milli maraqlara və ölkənin inkişafına xidmət edən səmərəli fəaliyyətini uğurla davam etdirir. Respublika parlamenti ötən müddət ərzində çox mühüm qanunlar qəbul edib və ölkəmizdə zəngin qanunvericilik bazasının formalaşmasına öz dəyərli, layiqli töhfələrini verib.

Azərbaycan parlamentinin yaradılmasının 106-cı ildönümü münasibətilə dekabrın 7-də Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilməsi də parlamentimizin tarixinə verilən yüksək dəyərdir. Konfransda 13 ölkənin parlamentindən və beynəlxalq təşkilatlardan 100-ə yaxın nümayəndənin iştirak etməsi bunun göstəricisidir. Konfrans iştirakçısı olan xarici qonaqlar işğaldan azad edilmiş ərazilərimizə səfər etməklə isə işğal dövründə erməni vandalizminin və bu gün dövlətimizin tərəfindən aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin canlı şahidi oldular.

Bu gün spiker Sahibə Qafarovanın rəhbərliyi ilə Azərbaycan parlamenti mövcud hədəflər və çağırışlara müvafiq olaraq milli maraqlara xidmət edən vəzifələrin yerinə yetirilməsi istiqamətində ardıcıl fəaliyyətini müvəffəqiyyətlə davam etdirir. Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi, parlament diplomatiyası Azərbaycanda diplomatik sahədə önəmli rol oynayır. Şübhəsiz ki, Milli Məclis bundan sonra da vacib qanun və qərarlar qəbul edərək cənab Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətinə öz töhfəsini verəcək.

Fatma Yıldırım Milli Məclisin deputatı

Aynur Camal

Oxşar xəbərlər

Püskürmə baş verəcəyi təqdirdə Mayon vulkanı ətrafında təxliyələrə başlanılır

Bugün TV

Əyləcləri sıradan çıxan yük maşını dirəyə çırpılaraq dayandı

Bugün TV

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu