Azərbaycan, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və Suriya Ərəb Respublikasının Təhsil Nazirliyi arasında strateji tərəfdaşlıq sazişi imzalanıb. Bu üçtərəfli razılaşma Suriya münaqişəsi zamanı dağıdılmış təhsil infrastrukturunu bərpa etməyi nəzərdə tutur.
Anadolu Agentliyi xəbər verir ki, sənəd ICESCO-nun Rabatdakı baş qərargahında imzalanıb. Razılaşmaya əsasən, Azərbaycan təhsil infrastrukturu üçün yardım göstərəcək, 100-ə yaxın zədələnmiş məktəbi əsaslı şəkildə təmir edəcək və təxminən 10 yeni məktəb binası tikəcək.
Xəbərdə bildirilir ki, bu təşəbbüs Suriya uşaqlarına təhlükəsiz və müasir təhsil mühiti yaratmağı hədəfləyir və ölkənin uzunmüddətli bərpa prosesinə sosial-humanitar dəstək rolunu oynayacaq. Razılaşma həmçinin İslam dünyası ölkələri arasında təhsil sahəsində əməkdaşlıq və həmrəyliyi gücləndirməyi nəzərdə tutur.
Tədbirdə Azərbaycan Elm və Təhsil naziri Emin Əmrullayev, Suriya Təhsil naziri Muhammad Abdulrahman Turko və ICESCO Baş direktor Salim bin Muhammad Al-Malik iştirak edib.
Bu təşəbbüs, beynəlxalq səviyyədə Suriya təhsil sisteminin yenidən qurulmasına dəstək verən layihələrin bir hissəsi olaraq qiymətləndirilir.
Mənbə: AnadoluAgentliyi
