Rejissor Faiq Nağıyev Azərbaycanda kino sahəsindəki mövcud problemlərlə bağlı Bugun.tv–yə danışıb. Onun sözlərinə görə, başlıca səbəb maliyyənin yetərincə olmamasıdır. “Əsas problem maliyyədir. Azərbaycanda film sahəsinə maliyyə ayrılmır. İş adamları da bu sahəyə maraq göstərmirlər. Çünki onları da reklam məsələlərində çox aldadıblar”.
Kinorejissor daha sonra dövlət tərəfindən maliyyənin ayrılmamasının səbəblərindən də söz açıb. “Elə dövlət tərəfindən də filmə maliyyə ayrılmamasının səbəblərindən biri təyin olunan büdcədən düzgün istifadə edilməməsidir. Buna görə də, çəkilən filmlər heç bir nəticə vermir”.
F.Nağıyevin sözlərinə görə, film gəlirli sahədir. Bir filmlə milyonlar qazanmaq olar. “Film çəkəndə sıfırdan, öz gücümüzün hesabına çəkirik. Biz sübut etmək istəyirik ki, film sahəsində gəlir var. Bir film çəkməklə milyarder olmaq olar. Bu mümkündür”.
F.Nağıyev çəkdiyi film və serialların istədiyi nəticəni vermədiyini də əlavə edib. “Azərbaycanda filmdə çəkdiyimiz əziyyətlər çoxdur. Başlıca səbəb yenə də maliyyədə dayanır. İstəyirsən ki, filan aktyor, aktrisa baş rolunda oynasın, amma ona verəcək qonarar olmur. Yaxud da filan operatorla işləmək istəyirsən, yenə də pul olmadığına görə məcbur alternativ yollar seçirsən. Bu da filmə birbaşa təsir edir. Yəni texniki məsələlərə görə, istədiyim nəticəni ala bilməmişəm. Filmdə elə səhnələr var ki, o səhnələri yaratmaq böyük məbləğ tələb edir. Amma sən az məbləğlə qənaətlənməyə məcbursan. Əlbəttə, imkanım olsa, istədiyimdən də artıq nəticə əldə edə bilərəm”,- kinorejissor əlavə edib.