“Cənubi Qafqaz regionu tarixən geosiyasi maraqların kəsişdiyi, müxtəlif etnik və dini qrupların məskunlaşdığı mürəkkəb bir coğrafiya kimi tanınır. Bu bölgədə sabitliyin və təhlükəsizliyin təmin edilməsi yalnız regional əməkdaşlıqla və sülhpərvər siyasətlə mümkündür. Məhz bu kontekstdə Azərbaycan regionun aparıcı dövləti kimi həm iqtisadi, həm də siyasi baxımdan sülh və sabitlik strategiyasının əsas memarı kimi çıxış edir. 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sona çatdırılması və post-münaqişə dövründəki sülh təşəbbüsləri Azərbaycanın regional sülhün təminatçısı rolunu daha da möhkəmləndirib”.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı Azərbaycanın sülh mövqeyi və ondan irəli gələn mövzulara münasibət bildirərkən deyib.
O qeyd edib ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində də ölkəmizin sülh mövqeyi bir daha ifadə edilib: “Azərbaycanın güclü ordusu və təhlükəsizlik siyasəti bölgədə sülhə əsaslanır. Rəsmi Bakı hərbi gücü yalnız müdafiə və suverenliyi təmin etmək məqsədi ilə istifadə etdiyini dəfələrlə vurğulayıb. Eyni zamanda, ölkəmiz diplomatik balansı qorumaqla həm Qərb, həm də Şərq dövlətləri ilə əməkdaşlıq edir. Azərbaycan Cənubi Qafqazda sülhün əsas təminatçısı olaraq həm hərbi-siyasi, həm diplomatik, həm də iqtisadi baxımdan davamlı və ardıcıl siyasət yürüdür. Ərazi bütövlüyünü bərpa etdikdən sonra sülhə çağırış edən və regional əməkdaşlığa önəm verən Azərbaycanın mövqeyi dünya ictimaiyyəti tərəfindən də müsbət qarşılanır. Ermənistanın da bu reallığı qəbul etməsi regionda dayanıqlı və davamlı sülhün bərqərar olmasına şərait yarada bilər. Bu baxımdan, Azərbaycanın sülh siyasəti təkcə ölkənin deyil, bütün Cənubi Qafqazın gələcəyi üçün strateji əhəmiyyət kəsb edir”.
Deputat hesab edir ki, Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində qazandığı tarixi zəfərdən sonra regionda yeni reallıqlar formalaşıb: “Bu xüsusda Azərbaycanın sülh mövqeyi yalnız ikitərəfli münasibətlərin normallaşmasına deyil, eyni zamanda Cənubi Qafqazda və daha geniş geosiyasi müstəvidə sabitliyin və əməkdaşlığın təşviqinə xidmət edir. Azərbaycanın sülh siyasətinin təməlində həm milli maraqların qorunması, həm də beynəlxalq hüququn prinsiplərinə sadiqlik dayanır. Bu mənada Azərbaycanın sülh mövqeyi ilk növbədə Cənubi Qafqaz regionunda sabitliyin təmin edilməsinə xidmət edir. Sözsüz ki, ölkəmizin sülh siyasəti onun iqtisadi hədəfləri ilə də sıx bağlıdır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası ilə yanaşı, Zəngəzur dəhlizinin açılması təşəbbüsü regionda ticarət və nəqliyyat əlaqələrinin genişlənməsinə töhfə olacaq”.
Məlahət İbrahimqızına görə, Azərbaycanın sülh mövqeyi əslində Ermənistan üçün də bir şansdır: “Rəsmi Bakı dəfələrlə bəyan etmişdir ki, əgər Ermənistan real sülhə can atsa, o zaman regional əməkdaşlıqdan fayda əldə edə bilər. Bu həm iqtisadi inkişaf, həm nəqliyyat kommunikasiyalarına çıxış, həm də beynəlxalq arenada etibarlı tərəfdaş obrazı formalaşdırmaq baxımından Ermənistan üçün əhəmiyyətlidir. Əgər Ermənistan revanşist ritorikadan imtina edərsə və sülh gündəliyinə qoşularsa, Cənubi Qafqaz uzunmüddətli sabitliyin yeni mərhələsinə qədəm qoya bilər. Bu baxımdan da Azərbaycanın sülh mövqeyi strateji və çoxşaxəli məqsədlərə xidmət edir. Regional sabitlik, iqtisadi inkişaf, beynəlxalq nüfuzun möhkəmləndirilməsi, milli birliyin qorunması və gələcək təhlükəsizlik arxitekturasının qurulması məhz sülh əldə edildikdən sonra mümkün ola bilər. Bu siyasət təkcə Azərbaycan üçün deyil, bütün region üçün yeni imkanlar açır. Azərbaycanın bu mövqeyi Cənubi Qafqazın gələcəyini formalaşdıran əsas sütunlardan birinə çevrilmişdir və sülhün təminatçısı kimi rolunu daha da gücləndirir”.
Mənbə: Siyasetİnfo.Az
