8 C
Baku
23 Dekabr 2024, 7:33
Baş xəbər

Bəşəri hisslərlə çulğalanmış MİLLİ SİYASƏT ADAMI – HEYDƏR ƏLİYEV – 100

Ulu Öndərimiz Heydər Əliyev haqqında düşünəndə nədənsə həmişə Hüseyn Cavidin bu iki misrasını xatırlayıram: Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur Yer üzünü.

Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndələrindən olan Hüseyn Cavid kimi, mənə elə gəlir ki, Heydər Əliyev də ürəyinin son guşəsində romantik bir BÖYÜK ADAM idi. Onun siyasi maneraları nə qədər dəqiq, ölçülü və kompramissiz olsa da sonda yüksək materiyaya xidmət edirdi. O, yaşadığı dövrün gerçəkliyini tam dərk edərək yürütdüyü siyasətlə paralel, həm də əbədiyyətin ədalət tərəzisindən keçən həqiqətlərdən ibarət olduğunu yaxşı bilirdi.

Heydər Əliyev millətini, xalqını sevdiyi qədər də bəşəri idi. Yer üzündə elə bir etnos ola bilməzdi ki, böyük siyasət adamı onların həm formalaşması, həm də siyasi mövcudluğu tarixini, etnik xüsusiyyətlərini bilməmiş olsun. Və bütün bu millətlərə də daha qlobal duyğularla yanaşmağı, onları səmimi qəlbdən sevməyi bacarırdı. Çünki Heydər Əliyev öz milli kimliyini bilirdi və həmişə bununla qürur duyurdu: “Mən həmişə fəxr etmişəm, bu gündə fəxr edirəm ki, mən azərbaycanlıyam!

Jurnalist kimi Ümummilli Liderimizlə təmaslarımda və onun bütün fəaliyyətində bunu qəlbən hiss etmişəm. Heydər Əliyev əbədi sülh, əminamanlıq və firavanlıq üçün prinsipial, dövlətçilik və milli varlıq naminə barışmaz siyasətçi ruhu daşıyırdı. Onun siyasi sərtliyi, ötkəmliyi dövlət adamı olmaq məsuliyyətindən və bəşəriyyətin insanlıq yoluna yönəldilməsi naminə dərk olunmuş xüsusiyyət idi. Azərbaycanın ən ucqar kəndinə səfərləri zamanı sadə insanlarla dialoqu, onlarla münasibəti, söhbəti belə dünyəvi mahiyyət daşıyırdı. Hər hansı məmura tövsiyyə və tapşırığı, iradı, yüksəltdiyi səsi belə milli mahiyyətin, Azərbaycan kişiliyinin deqradasiyaya uğramasına barışmazlığı, onun qorunub saxlanmasına şəfqəti idi. Heydər Əliyevin uşaqlarla görüşləri isə ayrı bir fəlsəfə idi. O, körpələrin hər davranışında, hərəkətlərində millətin gələcəyini süzgəcindən keçirir, onlarda unudulmaz izlər buraxırdı. Bəli o, bağışlamırdı: mahiyyətində kişiliyə, dürüstlüyə və vəzifə borcuna xəyanət olan heç bir şeyi. O, buna görə belə sərt görünürdü. Çünki dünyanın sürətlə hara getdiyini hamıdan daha yaxşı bilirdi.

Hədəfi yeni dövür, yeni siyasi bölgü və yeni mahiyyətlərin ortaya çıxdığı vaxtda  xalqının böyük bir svilizasiyanın nümayəndəsi kimi masa arxasında oturması idi.

Ulu Öndər beynəlxalq səfərlərdə, görüşlərdə də prinsipial mövqeyindən, doğru bildiyi heç bir şeydən bir addım geri çəkilməzdi. Onun bu xarizması, böyüklüyü ilə dünya siyasətçiləri də hesablaşırdı. Ulu Öndərimizin 2002-ci il mayın 20-də İrana etdiyi səfər yaxşı yadınızdadır. Dilaoqlarda  qarşı tərəfin Xəzər dənizinə  Mazandaran gölü deməsi onu təbdən çıxarır. O, beynəlxalq səviyyədə və türk dünyası üçün Xəzər dənizi kimi tanınmış bir əraziyə İran tərəfinin alçaldıcı mövqeyinə susmur. İran prezidenti Xatəmi başda olmaqla, bütün Tehran elitasına əla dərs verir: “İranın daxilindən bir az kənara çıxın. Daxilində qalsanız bir şey çıxmayacaqdır. Dünya xəritəsində “Mazandaran” gölü adında göl yoxdur. Əgər belə bir göl İran ərazisindədirsə, mən hələ onu tanımıram, xahiş edirəm mənə tanıdasınız… Siz, İranda bəzi adamlar, belə adlar icad etməklə bizim Xəzər barədə danışıqlarımıza mane olursunuz…”

Ulu Öndərin çox həssas yanaşdığı mövzulardan biri də Cənubi Azərbaycan məsələsi idi. Təbii ki,  Heydər Əliyev kimi böyük miqyaslı siyasətçi ikiyə bölünmüş Vətəni haqda narahat olmaya bilməzdi.

O, zaman-zaman bu məsələylə bağlı, gerçəkliklərə göz yummadan  fikirlərini bildirirdi. Ümummilli lider yaxşı başa düşürdü ki, tarixi şərait yetişmədən belə bir iddia ilə ortaya çıxmaq hələ az olan resursların da məhv edilməsinə səbəb ola bilərdi. Verdiyi müsahibələrin birində  sözügedən mövzuya çox həssaslıqla aydınlıq gətirir:  “Bu, çox mürəkkəb məsələdir. Bu məsələ məni uzun illər mühüm məsələlərdən biri kimi narahat edibdir. Mən bu məsələ haqqında da daim düşünmüşəm və xüsusən Azərbaycan Respublikasının rəhbəri olduğum dövrdən sonra bu məsələ ilə daha yaxından tanış olmaq, bu məsələni özümçün aşkar etmək cəhdində olmuşam. Belə fikrə gəlmişəm ki, vaxtı ilə, keçən əsrin əvvəlində Azərbaycan xalqı onun öz iradəsindən asılı olmayaraq parçalanıb iki yerə bölünüb. Şimali Azərbaycan Rusiyanın tərkibinə keçib. Cənubi Azərbaycan İranın tərkibində olubdur. Demək, Azərbaycanın iki hissəsi ayrı, cürbəcür inkişaf yolu keçib. Mən Cənubda yaşayan azərbaycanlıların nümayəndələri ilə də çox görüşmüşəm, söhbətlərim olub. Belə fikrə gəlmişəm, özü də çoxdan, Azərbaycan xalqı birləşməlidir. Xalq bir olmalıdır! Ancaq bunun həyata keçirilməsi yolları heç də asan deyil. Gəlin ümid bəsləyək ki, gələcəkdə xalq bir olacaq”.

Heydər Əliyev heç bir millətin, xalqın, o cümlədən öz dogma Azərbaycanının əsarətdə qalması, istismarı ilə barışmırdı. Amma onun öz etiraflarından da göründüyü kimi, siyasi populizmə uğramaq da onluq deyildi. Çünki o, bilirdi ki, milləti, ölkəni vaxtı çatmamış, utopik ideyalarla siyasi poliqona çevirmək olmaz. Amma Ulu Öndər həmişə inanıb və bilib ki, Azadlıq Günəşi Azərbaycan üzərində bir gün doğacaq. Çünki, böyük siyasət və dövlət adamı kimi, Heydər Əliyev heç vaxt inanmadığı bir şeyi dilinə gətirməzdi. Ona görə də Cənubi Azərbaycanla bağlı sualı da inanaraq, qətiyyətlə cavablandırıb.

Ümummilli Liderin digər bir arzusu da onun fikirlərinə inanaraq , əminliklə söylədiyini  dəqiqliklə sübut edir. Çoxlarının ümidinin kəsildiyi vaxt,  bir çoxlarının inanmadığı bir vaxtda belə O,  Qarabağa, əzəli dədə-baba torpaqlarımıza mütləq qayıdacağımızı söyləyirdi:  “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”.

Biz də böyük sevinclə deyə bilərik ki, bəli, bu gün o gündür! Sənin bizə miras qoyduğun, tövsiyyə etdiyin bütün arzular, amallar gerçək olur! Sənin qətiyyətinin, siyasətinin romantikası bizim qəlblərimizi fərəhlə doldurur! Millətlər içində imzamız və sözümüz yaranır, qalib xalq kimi, başda əsas mirasın, Prezident İlham Əliyev olmaqla, hələ neçə arzu-amallarına doğru məğrurcasına irəliləyirik!

Ruhun şad olsun, bəşəri hislərlə çulğalanmış böyük və milli siyasət adamı!

Mətanət Ağamirli, Əməkdar jurnalist

Aynur Camal

Oxşar xəbərlər

5,7 bal gücündə zəlzələ baş verdi

İntizar Əmirova

Çempionlar Liqasının fenomeni Eylül Öztürk səssizliyini pozdu!

Teymur Əziz

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 180 nəfərə çatdı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu