Ukraynalı həyat yoldaşı ona görə islamı qəbul etdi
Artıq bir neçə gündür ki, sosial şəbəkədə Ukrayna ordusunun hərbi geyimində olan xanımın azəri musiqisinə rəqsi hər kəsin diqqətini çəkməkdədir.
Bəs, bu xanım kimdir və niyə hərbi formada rəqs edir?
Videoda “Bəri bax” Azərbaycan mahnısının sədaları altında rəqs edən xanımın adı Samirədir və Nikolayevdəndir.
Bugun.tv əslən azərbaycanlı olan və Ukrayna ordusunda döyüşən Samirə Morozun AZXEBER.COM-a müsahibəsini təqdim edir:
– Samirə özünüzü təqdim edin.
– Mən Moroz Samirə Vidadi qızıyam. 4 yaşından ailəmizlə birgə Ukraynaya köçmüşük. Atam, anam Xatirə xanım böyük bacılarım məndən 2 yaş böyük Elnurə, 1 yaş böyük Aynurə və iki yaş kiçik Zaur.
– Haradan köçmüsünüz?
– Valideynlərim əslən hazırda Ermənistanda olan Göyçə mahalı Basarkeçər, sonralar Vardenis adlandırılan rayonun Sovetkənd kəndindəndirlər. 1987-ci ildə rusların dəstəyilə ermənilərin həyata keçirdiyi etnik təmizləmə siyasətinin son dalğası zamanı Azərbaycana köç ediblər. Ordan isə Ukraynaya gəlmişik.
– Soyadınız niyə Morozdur?
– Mənim 40 yaşım var. 22 il öncə ukraynalı Oleksandr Viktoroviç Morozla ailə qurub onun soyadını götürmüşəm. Böyük övladımız Ruslanın 20, ortancıl Teymurun 16, kiçik qızım Yasminanın isə 4 yaşı var.
– Adətən, Azərbaycanlı oğlanlar ukraynalı qızlarla ailə qurur.
– Bəzən belə də olur (gülür)
– Dini fərqliliyi necə həll etdiniz?
– Mən dedim ki, o bizim dinimizi qəbul etsə, daha yaxşı olar. Oleksandr da islamı seçdi. 22 bir yerdəyik.
– Hərbi formada Azərbaycan musiqisi ilə rəqsinizdən danışaq biraz
– İlk öncə qeyd edim ki, mən 2014-cu ildən könüllü kimi ordunun yanında olmuşam 2022-ci ildən isə hərbçiyəm. Ukrayna Silahlı qüvvələri (ZSU) dəniz piyadalarında rabitəçiyəm. Yoldaşım isə, quru qoşunlarındadır.
Rəqsə gəldikdə isə, mən həyatımın böyük hissəsini Ukraynada keçirsəm də, ana vətənimi heç zaman unutmuram. Azərbaycan hər zaman qəlbimdədir, bu sevgini, hissləri sözlərlə ifadə edə bilmirəm. Özümü hər iki xalqa məxsus hesab edirəm və əminəm ki, həm Azərbaycan, həm Ukrayna xalqları qələbəyə və sevgiyə layiqdirlər. Yəni birinci azərbaycanlıyam, ikincisi Azərbaycan musiqisini, üçüncüsü də rəqs etməyi sevirəm deyə, o video ortada çıxdı.
– Azərbaycanla bağlı daha nə deyə bilərsən?
– Bilirəm ki, 1990-cı bizi doğma yurdumuzda qovandan sonra ermənilər Dağlıq Qarabağda da rusların dəstəyi ilə separatçılıq hərəkətlərinə başladılar və bu müharibə, sonra da o keçmiş muxtar vilayət və 7 rayonumuzun itirilməsi ilə nəticələndi. Ermənilər uşaq, qadın, yaşlıları öldürdülər, əsir götürdülər, işgəncə etdilər. Xocalı qətliamını törətdilər.
Şükürlər olsun ki, Azərbaycan ordusu 3 il öncə işğalçıların başını əzdi və Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın işğaldan azad oldu. Təəssüf ki, bu şəhidlərimizin qanı bahasına başa gəldi. Allah rəhmət eləsin! Qazilərimizə isə can sağlığı diləyirəm.
– Ukraynada yaşayan soydaşlarımızla, diaspora ilə əlaqələrin necədir?
– Təbii ki, çoxlu tanıdığım rəfiqələr var. Xüsusən də, savaşa qədər. Diaspora fəallarından Nikolayevdə Anar Axundovu tanıyıram.
– Ukraynanın azadlığı uğrunda döyüşən azərbaycanlılar barədə nə deyə bilərsən?
– Bilirəm ki, yüzlərlə igidimiz burada savaşır və şəhidlərimiz var. Allah hamısına rəhmət eləsin. Bu dava, haqq davasıdır. Rusiya aqressordur, onlar yadelli işğalçılardır. Bu bir ildə etdikləri vəhşiliklərə görə onlar üçün nə bu dünyada, nə də o biri dünyada bağışlanma yoxdur.
Fikrimcə, Rusiya olmasaydı, bir çox ölkələr, xüsusən keçmiş sovetlər birliyində yaşamış ölkələr müharibənin nə olduğunu bilməyəcəkdi. Ona görə Ukraynada savaşan azərbaycanlı qardaşlarımı salamlayıram. Azərbaycanlı qadın savaşçı isə deyəsən yalnız mənəm (gülür)
– Savaşdan sonra ilə bağlı nə düşünürsən?
– Mən ixtisasca iqtisadçıyam. Menecment ixtisası üzrə ali təhsilim var. Qələbədən sonra müəyyən planlar var təbii ki. Ancaq öncə bir ana kimi övladlarımın sağlam böyüməsi, yaxşı təhsil alması və xoşbəxt yaşamaları üçün nə edəcəyimi düşünürəm.
Anar Natiqoğlu