Qanuna əsasən, hər bir vətəndaş ümumi mülkiyyətdə olmayan və ya vərəsəlik hüququ ilə məhdudlaşmayan əmlakını istənilən şəxsə bağışlaya bilər. Lakin etibarlı hesab olunduğu üçün istər daşınmaz, istərsə də daşınan əmlakın bağışlanması zamanı tərəflər arasında bağışlama müqaviləsinin bağlanması tövsiyə edilir. Bəs, bu müqavilə necə, hansı şərtlərlə bağlanılır?
Bugun.tv-nin məlumatına görə, bağışlama müqaviləsi Mülki Məcəllənin 666 və 674-cü maddələrində əksini tapıb. Bu müqavilə əmlakını bağışlayan şəxslə qarşı tərəf arasında razılaşma yolu ilə, yazılı formada bağlanır. Bəzi hallarda əmlak sahibi hədiyyə alan şəxs qarşısında məsuliyyət daşıyır.
Hüquqşünas Nadir Kərimovun sözlərinə görə, hədiyyə alan şəxs hələ onu qəbul etməyibsə, onda şəxs istənilən vaxt bağışlamaq istədiyi əşyanı geri götürə bilər. Bağışlama müqaviləsi şəxsin öz əmlakı üzərində sərəncam vermək kimi konstitusiya hüququna malikdir. “Hədiyyə verən hədiyyə alan qarşısında həmin əşyaya görə o zaman məsuliyyət daşıyır ki, zərər yalnız qəsdən və yaxud da kobud ehtiyatsızlıq nəticəsində olsun. Digər hallarda yalnız verdiyi vəd əsasında məsulyyət daşıyır”.
Müqaviləyə əsasən, hədiyyə verən və onun vərəsələri qarşı tərəfin götürdüyü öhdəliyi yerinə yetirməməsi barədə iddia verə və bəzi hallarda müqavilədən imtina edə bilər. Eyni zamanda, əmlak sahibi həyatını itirərsə, bağışlama vərəsəlik hüququnun göstərişlərinə uyğun qaydada icra edilir.
“Tutaq ki, şəxs əmlakını bağışlayıb, digər şəxs də əmlakı qəbul edib. Bunun üzərindən 2 il ötübsə, 2 ildən sonra şəxs həyatını itiribsə, bağışlanan əmlaka məcburi pay hüququnu da itirir. Əgər hədiyyə alan onu verən şəxsin özünə, yaxın qohumlarına qarşı ağır cinayət törədərsə, onların ailə münasibətlərində olan öhdəliklərlə kobudcasına rəftar edərsə və yaxud da bağışlanma müqaviləsindəki öhdəlikləri yerinə yetirməmişdirsə, onda imtina etmək hüququ vardır”, hüquqşünas N.Kərimov əlavə edib.
Bunlarla yanaşı, bağışlanması vəd olunan əşya itirildikdə və yaxud məhv olduqda, hədiyyə verənin əmlakı satışa çıxarıldıqda müqavilə ləğv edilir.