Bakı Bulvarında əlilliyi olan şəxslər üçün yerli mütəxəssislər tərəfindən hazırlanmış ilk elektrik nəqliyyat vasitəsinin (ENV) geniş ictimai nümayişi və praktiki sınaq məşqləri keçirilib.
Bugun.tv xəbər verir ki, tədbir “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda” İctimai Birliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində təşkil olunub.
Layihənin növbəti mərhələsi çərçivəsində “Apar-La” Şəhər Klubunun təşkilati dəstəyi və velosipedçilərin iştirakı ilə Bakı şəhərində yerləşən Su İdman Sarayının ətrafında və Dənizkənarı Milli Parkda praktiki məşqlər keçirilib. Təlimlərin əsas məqsədi yerli istehsal olan elektrik nəqliyyat vasitəsinin real şəhər şəraitində təhlükəsizlik göstəricilərini, idarəetmə imkanlarını və digər hərəkət iştirakçıları ilə uyğunluğunu sınaqdan keçirmək olub.
Sınaqlar zamanı ENV velosipedçilərlə eyni hərəkət zolağında müxtəlif marşrutlar üzrə idarə edilib, onun manevr qabiliyyəti, dönmə radiusu, sürətə nəzarət və təhlükəsiz dayanma imkanları nümayiş etdirilib. İştirakçılar nəqliyyat vasitəsinin gündəlik şəhər həyatında tətbiq perspektivləri ilə yaxından tanış olublar.
Layihənin rəhbəri Cavid Rəhimov bildirib ki, əsas məqsəd əlilliyi olan şəxslərin şəhər mühitində müstəqil, təhlükəsiz və rahat hərəkət imkanlarını genişləndirmək, inklüziv şəhər mobilliyinin inkişafına töhfə vermək və yerli mühəndislik potensialı əsasında hazırlanmış innovativ nəqliyyat həllərini təşviq etməkdir.
Elektrik nəqliyyat vasitəsi əlilliyi olan şəxslər üçün xüsusi uyğunlaşdırılmış konstruksiyaya, ekoloji cəhətdən təmiz elektrik mühərrikinə, enerji səmərəliliyini təmin edən müasir idarəetmə sisteminə və şəhər mühitində təhlükəsiz hərəkət imkanlarına malikdir. Layihə həm də ölkədə yaşıl texnologiyaların tətbiqi, əlçatan şəhər mühitinin formalaşdırılması və yerli innovasiya potensialının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və BP şirkətinin birgə maliyyə dəstəyi ilə həyata keçirilir və ölkədə inklüziv şəhər nəqliyyatı sahəsində həyata keçirilən ilk yerli innovativ təşəbbüslərdən biri hesab olunur.






