Bəzi sosial şəbəkə səhifələrində yük avtomobillərinin paytaxtda hərəkətinin məhdudlaşdırılması ilə bağlı bir qrup sürücünün narazılıqlarını əks etdirən iddialar yayılıb.
Bugun.tv xəbər verir ki, Bakı şəhər DYPİ-nin ictimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, Bakı şəhərində yaranan nəqliyyat sıxlığının qarşısının alınması, yolların buraxılış imkanlarının artırılması və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə 2022-ci ilin oktyabr ayından xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici nəqliyyat vasitələri istisna olmaqla digər yük avtomobillərinin yalnız müəyyən edilən saat çərçivəsində hərəkətinə icazə verilir.
İcazə verilən kütləsi yüklə birlikdə 8 tondan artıq olan yük avtomobillərinin saat 07.00-dan 22.00-dək, yanacaq daşıyan yük avtomobillərinin isə saat 06.00-dan 00.00-dək Bakı şəhərinə girişi və şəhərdaxili hərəkəti qadağandır.
Qeyd olunan qaydalara əməl olunması ilə bağlı paytaxt ərazində nəzarət-profilaktik tədbirlər diqqət mərkəzində saxlanılır.