Bugun.tv xəbər verir ki, Bakı şəhəri tanınmış səyahət platforması “Tripadvisor” tərəfindən səyahət üçün üstünlük verilən trend məkanlar siyahısında yer alıb.
Platforma tərəfindən tərtib edilmiş siyahı ötən il ərzində sayt istifadəçilərinin axtarış və maraqlarına əsaslanır. Belə ki, platformanın veb-saytındakı “Dünya üzrə trend məkanlar” bölməsində dünyanın 25 fərqli ölkəsinin şəhərləri qeyd olunub. Siyahıda Azərbaycan 8-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, “Tripadvisor” turistlər üçün maraqlı məkanları, ən yaxşı hotelləri, yemək üçün uyğun yerləri tövsiyə edir.
Hər ay 463 milyon səyahətçiyə xidmət göstərən platformada ziyarətçilər məkanlarla bağlı istifadəçi şərhlərini oxuya və tövsiyələrə uyğun seçimlərini edə bilirlər.
Veb-saytda 8,6 milyon yerləşmə vasitəsi, restoran, hava yolları və gəmi səyahəti haqqında 859 milyondan çox istifadəçi rəyi mövcuddur.
Mənbə: Dövlət Turizm Agentliyi