Bugun.tv -xəbər verir ki, Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində çalışan müəllimlərin peşə səriştə və bacarıqlarının ölçülməsi üçün keçirilən attestasiya prosesi ilə yaxından tanışlıq məqsədilə Bakı Xoreoqrafiya Akademiyasına növbəti infotur təşkil olunub.
Əvvəlcə mədəniyyət nazirinin müavini Səadət Yusifova, nazirin müşaviri Cəsarət Valehov, Milli Məclisin deputatları Elçin Mirzəbəyli, Elnarə Akimova, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elkiyar Ziyadov, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru Xalq artisti Yeganə Axundova, Akademik Opera və Balet Teatrının baş dirijoru Əməkdar artist Əyyub Quliyev, Azərbaycan Milli Konservatoriyasının dosenti Əməkdar artist Vüqar Camalzadə və digər şəxslərin iştirakı ilə toplantı keçirilib.
Toplantıda çıxış edən Səadət Yusifova bildirib ki, Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində çalışan müəllimlərin attestasiyası onların ixtisasına, peşəsinə müvafiq olaraq tutduqları vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi və optimal müəllim heyətinin formalaşdırılması məqsədilə həyata keçirilir. Attestasiya prosesinə cari ilin fevral ayından başlanılıb və ilkin olaraq fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimlər attestasiyaya cəlb edilib. Növbəti mərhələdə isə digər ixtisaslar üzrə təhsilverənlərin attestasiyası nəzərdə tutulur.
Daha sonra qonaqlar və media nümayəndələri attestasiya prosesini izləyiblər.
Qeyd edək ki, mayın 29-dan etibarən Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz, Mil-Muğan və Şirvan-Salyan regionları üzrə xalq çalğı alətləri (tar, kamança, qarmon, nağara, qanun, saz, balaban) və xanəndəlik ixtisaslarının təhsilverənləri üçün attestasiyanın keçirilməsi planlaşdırılır.
Bununla bağlı Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə Nazirliyin tabeliyindəki təhsil müəssisələrində çalışan müəllimlər üçün maarifləndirici görüşlər keçirilir. Görüşlərdə peşəkar mütəxəssislər tərəfindən qeyd olunan ixtisaslar üzrə musiqi əsərlərinin təhlili, ifası, qammalar, həmçinin elementar musiqi nəzəriyyəsi üzrə biliklər, musiqi ədəbiyyatı və digər materiallara dair diqqət edilməli əsas məqamlar müzakirə olunur.
Bu cür görüşlər davamlı olaraq təşkil ediləcək.