Bugun.tv– xəbər verir ki, Bakı Biznes Universitetində World Karyera Mərkəzi təşkilatçılığı ilə 5-ci dəfə keçirilən “TəhsildəSƏN” Forumu keçirilib.
Forumda iştirak edən deputat Ceyhun Məmmədov öz facebook hesabında təhsilin inkişafı, müəllimlərin əməyi, müasir dövrün tələbləri və süni intellektin ölkəmizdəki inkişaf perspektivləri barədə fikirlərini bölüşdüyünü deyib.
Ceyhun Məmmədov həmçinin çıxışı zamanı təhsilə göstərilən dövlət diqqət və qayğısını xüsusi vurğulayıb.
Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil sahəsinə olan dəstəyindən danışan deputat eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin müəllim əməyinə verdiyi yüksək dəyəri, “Müəllimdən yüksək ad tanımadığı” fikrini bir daha diqqətə çatdırıb.
Həmçinin forumda iştirak edən pedaqoqlar, gənc müəllimlər və təhsil mütəxəssisləri ilə faydalı fikir mübadiləsi aparılıb. Təhsilin gələcəyi, müasir texnologiyaların, xüsusilə də süni intellektin tədris prosesinə inteqrasiyası və gənc nəslin bilik və bacarıqlarının artırılması istiqamətində vacib məsələlər müzakirə edilib.
Deputat əsasən vurğulayıb ki, gənclərin innovativ düşüncəyə, müasir dünyagörüşünə malik və milli dəyərlərə sadiq yetişdirilməsi bu gün qarşıda duran əsas məqsədlərdəndir: “Təhsil hər bir cəmiyyətin inkişafında açar rol oynayır. Təhsilə qoyulan hər bir sərmayə əslində dövlətin gələcəyinə, xalqın tərəqqisinə qoyulan sərmayədir. Bu baxımdan ölkəmizdə həyata keçirilən təhsil islahatları, yeni layihələrin icrası və müəllimlərin sosial rifahının yüksəldilməsi istiqamətində atılan addımlar böyük əhəmiyyət daşıyır.
Bu dəyərli forumun təşkilatçılarına minnətdarlığımı bildirir, təhsil ictimaiyyətinə və bütün müəllimlərimizə uğurlar arzulayıram! Təhsildə əldə olunan hər bir uğur Azərbaycanın gələcəyinə, milli intellektin inkişafına və gənc nəslin daha parlaq sabahına xidmət edir.