15 C
Baku
24 Oktyabr 2025, 4:22
Digər

Bakıda “XIX Əsr İrəvan Mətbəxi” Kitabının Təqdimatı Keçirildi

Bakıda, “Xanədan” etno-restoranında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “XIX əsr İrəvan Mətbəxi” Qrant layihəsi çərçivəsində Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən hazırlanmış eyniadlı kitabın təqdimat mərasimi keçirilib.

Tədbir 20 Oktyabr – Beynəlxalq Kulinariya Gününə həsr olunub.

Təqdimatda alimlər, tədqiqatçılar, ictimai xadimlər, tələbələr və kulinariya sahəsində çalışan 150-yə yaxın şəxs iştirak edib. Tədbirdə çıxış edənlər arasında kitabın müəllifi, Əməkdar Mədəniyyət İşçisi, tarix üzrə fəlsəfə doktoru Tahir Əmiraslanov, AMEA-nın Tarix və Etnologiya İnstitutunun “Tarixi Etnologiya” şöbəsinin müdiri, tarix elmləri doktoru, etnoloq İlhamə Məmmədova, institutun “Qərbi Azərbaycan Tarixi” şöbəsinin rəhbəri, t.ü.f.d., dosent Cəbi Bəhrəmov, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva, sənətşünaslıq üzrə elmlər doktoru, AMK-nın professoru Abbasqulu Nəcəfzadə, QHT Əməkdaşlıq Alyansı, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Səbinə Həciyeva, mərkəzin müəllimləri Rəsmiyyə Allahverdiyeva və Leyla Rəhimli, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə, QHT Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Rauf Zeyni, rəssam Nigar Əliyeva, Elmira Hüseynova və Paraqraf.com xəbər portalının təsisçisi Turanə Səfərəva da yer alıblar.

Tədbirdə Dövlət Məşğulluq Agentliyinin Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə təşkil etdiyi aşpazlıq və qənnadıçılıq kurslarının müdavimləri, eləcə də Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin şagirdləri XIX əsr İrəvan mətbəxinə aid yemək və şirniyyat nümunələrini sərgiləyiblər. Onlar xüsusi sertifikatlarla təltif olunublar.

Tədbirin sonunda kitabların imzalanması və paylanması mərasimi keçirilib.

Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov və layihə rəhbəri Aynurə Əmiraslanova tərəfindən hazırlanmış “XIX əsr İrəvan Mətbəxi” kitabı Qərbi Azərbaycan ərazisində yüzilliklər boyu formalaşmış və zaman-zaman mənimsənilməyə çalışılmış milli kulinariya nümunələrinin bərpasına və tarixi-etnoqrafik tədqiqinə həsr olunub.

208 səhifəlik bu nəşr 85 elmi və tarixi mənbəyə əsaslanaraq, 1884-cü ildə İrəvanda doğulmuş və 1913–1922-ci illərdə orada yemək və şirniyyat dükanına sahib olmuş usta Əliqulu Zeynalovun əlyazmaları əsasında ərsəyə gətirilib. Kitabda 97 adda xörək, şirniyyat və içki resepti, onların hazırlanma qaydaları, arxiv şəkillər, miniaturlar, rəsmlər və dövlət poçt markaları yer alır.

Kitabın üz qabığı rəssam Nigar Əliyeva tərəfindən hazırlanıb. Ön söz müəllifi isə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyevadır.

Kitabın rəyçiləri:

  • Texnika elmləri doktoru, professor, LDU-nun rektorunun müşaviri Mikayıl Məhərrəmov
  • AMEA-nın Tarix və Etnologiya İnstitutunun “Tarixi Etnologiya” şöbəsinin müdiri, tarix elmləri doktoru, etnoloq İlhamə Məmmədova
  • “Qərbi Azərbaycan Tarixi” şöbəsinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhrəmovdur.

Məlumatda qeyd olunub ki, “XIX əsr İrəvan Mətbəxi” kitabı yalnız kulinariya həvəskarları üçün deyil, həm də alimlər, tarixçilər, mədəniyyət sahəsinin tədqiqatçıları üçün zəngin və etibarlı bir mənbə hesab olunur. Bu nəşr, eyni zamanda, İrəvanda formalaşmış milli kulinariya irsimizin qorunması və gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır.

Mənbə: paraqraf.com

Aynur Camal

Oxşar xəbərlər

Aİ Rusiyadan qaz idxalını 2028-ci ilə qədər dayandıracaq

Aynur Camal

Yivli silahı könüllü olaraq polis əməkdaşları təhvil verildi

Kəmalə Sultan

Sağlam və parlaq saçların sirri nədir?

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu