Baləmi kupedə corablarını çıxardanda vaqondakılara elə gəldi ki, düşmənlər və ya terrorçular ölkəmizə qarşı kimyəvi silah işlədiblər. Sərnişinlərdə boğulma, ürəkbulanma, başgicəllənmə halları müşahidə olunurdu. Vaqon bələdçisi ürəyi zəif olduğundan artıq huşunu itirmişdi. Panikaya düşmüş sərnişinlər, Baləminin kupesinin qabağından başqa vaqonlara keçmək istəyərkən, huşlarını itirib yıxılırdılar. Baləminin qaldığı kupe Bermud üçbucağını xatırladırdı. Qatarın keçdiyi kənd və qəsəbələrdə yüzlərlə toyuq-cücə, qoyun-quzu, mal-qara tələf olurdu. Əhali bu ərazilərdən köçürülürdü. Bu qatarı hamı “ölüm qatarı” adlandırırdı. Üfunət maşinistlərin kabinəsinə doğru hərəkət edirdi. Baş verəcək fəlakətin qarşısını yalnız bir nəfər, Baləmi ala bilərdi, o da şirin yuxuya getmişdi.
Çox keçmədi ki, üfunətdən maşinistlər də huşlarını itirdilər. Artıq qatar idarə olunmurdu. Stansiyadakılar qatarın dayanmadan getdiyini görüb qorxuya düşdülər. Dispetçerlər hər yerdə “ölüm qatarı”na yaşıl işıq yandırırdılar. Qatarın terrorçular tərəfindən ələ krçirildiyi artıq heç kəsdə şübhə oyatmırdı. Təhlükəsizlik orqanları terrorçuları məhv etmək üçün xüsusi desant qrupu ayırdı. Desantlar paraşüt ilə qatarın üstünə enib, terrorçuları məhv etməli idilər. Üfunət başqa vaqonları da bürümüşdü. Bir çoxları dözə bilməyib, özlərini qatardan atırdılar. Vəziyyətin pisləşdiyini görən desantçılar, əməliyyata başladılar. Əleyhiqaz geyinmiş desantçılar əvvəlcə qatarın üstünə, ondan sonra maşinistlərin kabinəsinə girib, qatarı saxladılar. Qatarın birdən-birə dayanmasını Baləmidən başqa heç bir sərnişin hiss etmədi. Baləmi gözlərini açıb pəncərədən bayıra baxdı, sonra ayaqqabılarını geyinib, kupedən çıxanda, huşunu itirmiş sərnişinləri ölmüş bilib, qorxdu. Çemodanını götürüb, yaxınlıqdakı meşəyə girib, gözdən itdi. Hadisə yerinə özünü çatdıran əməliyyat qrupu, təcili işə başladı. Çarli ləqəbli it izi götürərək, meşəyə yollandı. Baləmi onun dalınca itin gəldiyini görüb, götürüldü. Ayaqqabılarını meşədə itirdi. Bir anlığa meşəni üfunət bürüdü, yarpaqların rəngi saraldı. Baləminin bir-iki metr addımlığında Çarlı huşunu itirdi. Qan-tər içində olan Baləmi özü də bilmədən dövlət sərhəddini keçmişdi. Artıq qonşu dövlətin də başının üstünü təhlükə almışdı.
Sabahkı gəzetlər daha bir təbii fəlakət haqqında ağızdolusu yazacaqdılar. Amma Baləminin “kimyəvi silah”ı nəinki qonşu dövlət üçün, hətta bütün sivilizasiya üçün çox illər sirr olaraq qalacaqdı.
Əhməd Orucoğlu