İsveçrənin Valais kantonunda yerləşən Crans-Montana xizək kurortunda Yeni il gecəsi baş verən və 40 nəfərin ölümü ilə nəticələnən bar yanğını üzrə məhkəmə prosesi İsveçrə ilə İtaliya arasında diplomatik gərginliyə səbəb olub.
Yanğınla bağlı istintaq çərçivəsində barın ortaqlarından olan sahibkar Jak Morettinin 200 min İsveçrə frankı girov qarşılığında azadlığa buraxılması İtaliya hökumətinin sərt reaksiyasına yol açıb. Roma hadisədə həlak olanlar arasında İtaliya vətəndaşlarının da olduğunu bildirərək qərarı qəbuledilməz sayıb.
İtaliya hökuməti bu qərardan sonra Bernə akkreditə olunmuş səfirini Romaya geri çağırıb və onun yenidən İsveçrəyə qayıdışını iki şərtə bağlayıb: məhkəmə orqanları arasında effektiv əməkdaşlığın qurulması və birgə istintaq qrupunun yaradılması.
İsveçrə Federal Parlamentosunda isə bu addımlar narazılıqla qarşılanıb. Deputatlar İtaliyanın məhkəmə prosesinə siyasi təzyiq göstərdiyini bildirərək, İsveçrədə məhkəmə hakimiyyətinin müstəqil olduğunu vurğulayıblar.
İsveçrə Ədliyyə Nazirliyi birgə istintaq qrupunun yaradılmasının hüquqi baxımdan mümkün olduğunu açıqlasa da, prosesin Valais kantonunun səlahiyyətində qaldığını qeyd edib. Hər iki tərəf diplomatik münasibətlərin normal şəkildə davam edəcəyini bəyan edib.
Mənbə: TrtHaber
