Sosial

Bayrağa ehtiram – dövlətə və Vətənə sədaqət

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində milli kimliyimizin, azadlıq və müstəqillik ideallarımızın təcəssümü olan müqəddəs rəmzlərimiz xüsusi yer tutur. Bu rəmzlər sırasında Dövlət Bayrağımız xalqımızın milli varlığını, tarixi yaddaşını, mənəvi dəyərlərini və müstəqil dövlətçilik iradəsini özündə birləşdirən ən əziz atributlardan biridir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü yalnız dövlət rəmzinə ehtiramın ifadəsi deyil, həm də xalqımızın azadlıq mübarizəsinə, istiqlal tarixinə və milli dövlətçilik ənənələrinə dərin hörmətin təzahürüdür.

Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir”. Bu fikirlər üçrəngli bayrağımızın xalqımızın həyatında tutduğu əvəzsiz yeri və daşıdığı mənəvi yükü aydın ifadə edir.

Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycan Respublikasında Dövlət Bayrağı Günü kimi qeyd olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinə uyğun olaraq, bu gün qeyri-iş günü olan bayramlar sırasına daxil edilmişdir. Beləliklə, Dövlət Bayrağı Günü xalqımızın milli qürur və həmrəylik bayramına çevrilmişdir.

Azərbaycan Respublikasının Dövlət Bayrağının tarixi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və milli istiqlal hərəkatı ilə sıx bağlıdır. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında üçrəngli bayrağımız dövlət rəmzi kimi qəbul edilmiş və həmin iclasın keçirildiyi Nazirlər Şurasının binası üzərində qaldırılmışdır. Mavi, qırmızı və yaşıl rənglərdən ibarət bu bayraq 1920-ci ilin aprel ayınadək Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı olmuşdur.

Üçrəngli bayrağımızın ideoloji mahiyyəti XX əsrin əvvəllərində Azərbaycan milli istiqlal düşüncəsinin formalaşmasında mühüm rol oynamış görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin irəli sürdüyü “Türkləşmək, islamlaşmaq və müasirləşmək” ideyası ilə bağlıdır. Bayrağımızın mavi rəngi türkçülüyü, qırmızı rəngi müasirliyi və demokratik inkişafı, yaşıl rəngi isə İslam sivilizasiyasına mənsubluğu ifadə edir. Bu rənglərin vəhdəti xalqımızın tarixi köklərinə, milli-mənəvi dəyərlərinə və ümumbəşəri ideallara bağlılığının rəmzidir.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayrağımız dövlət atributu kimi istifadədən çıxarılsa da, xalqımızın milli yaddaşında, istiqlal arzularında və azadlıq ideallarında yaşamaqda davam etmişdir. Müstəqillik düşüncəsinin qorunub saxlanılması və milli dövlətçilik ənənələrinin bərpası istiqamətində Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri xüsusi əhəmiyyət daşıyır.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda, muxtar respublikanın adından “Sovet Sosialist” sözlərinin çıxarılması haqqında qərar verilmişdir. Bu qərarlar sovet hakimiyyətinin hələ mövcud olduğu bir dövrdə milli müstəqilliyə doğru atılmış cəsarətli və tarixi addımlar idi.

Ulu Öndər həmin hadisəni xatırlayaraq demişdir: “90-cı il noyabrın 17-də biz burada, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik elədiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu qərarı Azərbaycanın milli dövlətçilik tarixində yeni mərhələnin başlanğıcını qoydu. Ali Məclis üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması ilə bağlı Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırdı. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək üçrəngli bayrağımızı yenidən Dövlət Bayrağı elan etdi.

1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edərək onun dövlət rəmzlərini, o cümlədən üçrəngli bayrağını bərpa etdi. Beləliklə, 1918-ci ildə istiqlalımızın rəmzi kimi qəbul edilmiş bayrağımız yenidən müstəqil Azərbaycanın başı üzərində dalğalanmağa başladı.

Azərbaycan Respublikasının Dövlət Bayrağı ölkəmizin Konstitusiyası ilə müəyyən edilmiş dövlət rəmzlərindən biridir. Konstitusiyanın 23-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Dövlət Bayrağı eni bərabər olan üç üfüqi zolaqdan ibarət düzbucaqlı parçadır. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

Bayrağın təsviri və istifadəsi müvafiq qanunvericilik aktları ilə tənzimlənir. “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” 2004-cü il 8 iyun tarixli Qanun dövlət bayrağından istifadə qaydalarını və ona dair tələbləri müəyyən edir. Konstitusiyanın 75-ci maddəsi isə hər bir vətəndaşın dövlət rəmzlərinə hörmət etməsini vəzifə kimi təsbit edir. Bu baxımdan, bayrağa ehtiram yalnız mənəvi məsələ deyil, həm də konstitusion öhdəlikdir.

Dövlət Bayrağının ölkəmizin ictimai-siyasi həyatında xüsusi yer tutmasının bariz nümunələrindən biri də Bakıda Dövlət Bayrağı Meydanının yaradılmasıdır. Prezident İlham Əliyevin 2007-ci il noyabrın 17-də imzaladığı Sərəncamla yaradılan meydanın təntənəli açılışı 2010-cu il sentyabrın 1-də keçirilmişdir. Burada Dövlət Bayrağı Muzeyi də yaradılmış və 2010-cu il noyabrın 9-da açılmışdır.

2024-cü il noyabrın 8-də Dövlət Bayrağı Meydanı yenidən açılmış və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev burada Dövlət Bayrağını ucaltmışdır. Yenidənqurma işlərindən sonra meydanda dünyada ən böyük dalğalanan bayraq kimi qeydə alınan üçrəngli bayrağımız ucaldılmışdır. Dövlət Bayrağı Muzeyində isə Azərbaycanın qədim dövlətçilik tarixini, müxtəlif tarixi dövrlərdə mövcud olmuş dövlət və xanlıqların bayraqlarını əks etdirən eksponatlarla yanaşı, Vətən müharibəsində qazanılmış tarixi Zəfərə həsr olunan “Zəfər qalereyası” ekspozisiyası da nümayiş etdirilir.

Azərbaycan Respublikasında dövlət rəmzlərinə göstərilən ehtiramın daha bir ifadəsi 1993-cü il dekabrın 6-da təsis edilmiş “Azərbaycan Bayrağı” ordenidir. Bu orden dövlətçilik ənənələrinin qorunması və inkişafı, ölkənin suverenliyinə və milli maraqlarına xidmət edən fəaliyyətin qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu gün üçrəngli Dövlət Bayrağımız Azərbaycanın suverenliyinin, müstəqilliyinin, milli birliyinin və beynəlxalq nüfuzunun rəmzi kimi dünyanın müxtəlif ölkələrində, beynəlxalq təşkilatların iqamətgahları qarşısında və ölkəmizin hər bir guşəsində qürurla dalğalanır. Ulu Öndər Heydər Əliyevin “Bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir” fikri xalqımızın müstəqillik əzminin və dövlətçiliyimizin sarsılmazlığının ifadəsidir.

Dövlət Bayrağı tariximizin, bu günümüzün və gələcəyimizin rəmzidir. Onu qorumaq, uca tutmaq, gələcək nəsillərə sevdirmək hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. Çünki bayrağımızın ucalığı dövlətimizin qüdrətinin, xalqımızın birliyinin və müstəqilliyimizin əbədiliyinin göstəricisidir.

Qasımov Səyavuş Kamran oğlu

Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Mənbə: dunyaxeber.tv

Aynur Camal

Oxşar xəbərlər

Zəfər Gününə həsr olunmuş “Zəfərdən doğan günəş” adlı tədbir keçirildi

Aynur Camal

Samir Vəliyev: “AIREX 2026” beynəlxalq daşınmaz əmlak sərgisi mühüm platformadır

Aynur Camal

Daun sindromlu yeniyetmələrin iştirakı ilə “Təbiətin Dostları Festivalı” keçirildi

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu