Qətərin paytaxtı Dohada Beynəlxalq Cüdo Federasiyasının (BCF) konqresi keçirilib. Konqresdə BCF-in rəsmi nümayəndələri, o cümlədən 100-dən çox ölkədən təmsilçilər iştirak ediblər. Azərbaycanı konqresdə Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli və baş katib Rəşad Rəsullu təmsil ediblər.
ACF-dən bildiriblər ki, BCF-in konqresi iki ildən bir keçirilir və cüdo ictimaiyyətinin bir araya gələrək mühüm məsələləri müzakirə etmək, cüdonun gələcəyi ilə bağlı qərarlar qəbul etmək imkanı yaradır.
Konqresin gündəliyinə BCF-in baş katibi və baş xəzinədar vəzifələrinə seçkilər daxil edilib. Belə ki, Böyük Britaniya təmsilçisi Liza Allan BCF-in baş katibi seçilib.
Həmçinin konqresdə idmanın inkişaf proqramları, təhsil, hakimlik, məşqçilik üzrə məsələlər və yeniliklər müzakirə olunub. BCF və kontinental birliklər hesabatlarını təqdim ediblər.
BCF-in prezidenti Mauris Vizer bütün milli federasiyalara, kontinental birliklərə və idmanın cüdo növünün inkişafına verilən böyük dəstəyə görə federasiyanın əməkdaşlarına təşəkkür edib.
Konqresdə BCF-in baş direktoru və Beynəlxalq Elektron İdman Federasiyasının prezidenti Vlad Marinesku çıxış ediblər. O, cüdoya dair ən son xəbərləri operativ bütün dünyaya çatdırmaq üçün müxtəlif platformalar haqqında məlumat verib. V.Marinesku, həmçinin BCF-in ən uğurlu təşəbbüslərindən biri – hazırda 2,5 milyon fərdi istifadəçiyə sahib olan, uşaqların cüdonun dəyərlərini anlamaq və daha sonra cüdo ailəsinə qoşulmaq üçün effektiv vasitə kimi “Minecraft” oyununu xüsusi qeyd edib.
ACF idmanın cüdo növünü təbliğ etmək və standartların təkmilləşdirilməsi üçün BCF ilə sıx əməkdaşlıq edir. BCF tələb olunan infrastrukturun inkişafı baxımından ACF-ə texniki dəstək göstərir.
Mənbə: AZƏRTAC