Bugun.tv xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) qurumu məhkəməyə verən əməkdaşı Vüqar Əliyevlə əmək münasibətlərinə son verib. Belə ki, martın 17-də xəstəlik məzuniyyətindən qayıdan Vüqar Əliyevin BQXK ilə əmək müqaviləsinə elə həmin gün tələm-tələsik xitam verilib.
Məsələni öyrənmək məqsədi ilə Vüqar Əliyevlə əlaqə saxladıq. O, faktı təsdiq edərək bildirdi ki, qurumla əmək müqaviləsinin vaxtı bitib. “Lakin ondan hələ çox öncə qurumun Azərbaycan nümayəndəliyinin rəhbərliyində çalışan xarici məsul işçilər haqqında Cenevrədəki baş ofisə şikayət etdiyim, daha sonra isə, BQXK-ya qarşı Nərimanov rayon məhkəməsində iddia qaldırdığım üçün əmək müqaviləmin vaxtının uzadılmayacağı məlum idi. Sadəcə, bunu bu cür tələm-tələsik, yəni xəstəlik məzuniyyətim bitdikdən dərhal sonra, işə çıxdığım ilk gün etməkləri mənə qarşı BQXK rəhbərliyinin qərəzli olduğunu göstərdi. Bunu həm də xalqımızın əziz Novruz bayramı ərəfəsində, tətillərindən bir gün öncə etməkləri mənə qarşı qisas hissinin onlara güc gəldiklərinin bariz sübutudur”.
BQXK daxili qaydalarına görə, əməkdaş uzunmüddətli xəstəlik məzuniyyətində olanda təşkilatın həkimi onunla ən azı həftədə bir dəfə hal-əhval etməlidir. Eləcə də, əməkdaşların xəstəliyi haqqındakı məlumatlar BQXK-da konfidensial hesab edildiyi üçün, işçi işə çıxan gün bülletenləri möhürlənmiş konvertdə və xüsusi bağlamalarda Bakı ofisində çalışan təşkilatın həkiminə göndərilməlidir. Vüqar Əliyevin sözlərinə görə, o martın 17-də işə çıxan kimi öncə rəhbərliyi bu haqda rəsmi şəkildə məlumatlandırıb və qaydalara uyğun olaraq həmin sənədləri bağlı konvertə qoyaraq təşkilatın həkiminə göndərilməsi üçün müvafiq şöbənin məsul işçisinə rəsmi şəkildə təhvil verib. “Ancaq məlum oldu ki, həmin gün Bərdədən Bakıya və əks istiqamətə xidməti maşınların qrafik gedişləri nəzərdə tutulmur və sənədlər ancaq bayramdan sonra göndəriləcək. Az sonra, xəstəlik məzuniyyətimin son aylarında bir dəfə də olsun mənimlə əlaqə saxlamayan Bakıdakı BQXK həkimi mənə zəng vuraraq bülletenləri konvertdən çıxarıb, onların şəkillərini çəkib vatsap vasitəsilə ona göndərməyimi istədi. Mən isə bunun qaydalara zidd olduğunu deyib, imtina etdim. Daha sonra Bakı ofisinin insan resursları departamentinin əməkdaşı mənimlə danışaraq, eyni şeyi etməyə inandırmağa çalışdı. Lakin mən ona da bildirdim ki, bu daxili qaydalara ziddir və mən yazılmış qaydanı pozmayacam”.
Bu danışıqdan çox keçməmiş Bakı ofisinindən gələn təcili göstəriş əsasında xidməti maşınlardan biri ilə məxsusi olaraq Vüqar Əliyevin xəstəlik bülletenləri olan bağlamanı Bərdədən Bakıya yollayıblar. Bakıdan çıxan digər xidməti maşınla isə, Bakı ofisinin insan resursları departamentində saxlanılan və öncədən yazılmış, lakin tarix qoymağı unutduqları əmək kitabçasını da Bərdəyə göndəriblər.
“Əmək kitabçasını mənə təhvil verəndə tarix qoyulmadığını görüb onlara xatırlatdım, yalnız bundan sonra Bərdə ofisinin rəhbəri əmrin tarixini əmək kitabçasına mənim yanımda əlavə etdi. Hətta, həmin gün məzuniyyətdə olduğu üçün işdə olmayan Bərdə ofisinin insan resursları departamentinin əməkdaşının adı, soyadı və imzası da əmək kitabçasına öncədən əlavə edilmişdi. Əlqərəz, təsəvvür edin ki, iki xidməti maşını məhz mənə görə, sanki bir fövqəladə hal baş vermiş kimi, növbədənkənar şəkildə birini Bakı-Bərdə, digərini isə Bərdə-Bakı istiqamətinə göndərdilər ki, iş gününün sonuna qədər əmək müqaviləmə xitam verə bilsinlər. Nəhayət, saat 15:30 radələrində Bərdə ofisinin rəhbəri, bir xarici və iki yerli məsul əməkdaşın iştirakı ilə əmək müqaviləmə xitam verildiyini bildirən qərarı təqdim etmək üçün məni otağına dəvət etdi. Öncə otağındakı yığıncağın daxili istifadə üçün videoya çəkildiyini bildirdi. Mən isə, təbii ki, bunun qanunsuz olduğunu və BQXK-da belə bir təcrübənin olmadığını bildirərək buna qəti etiraz etdim. Bundan sonra iclas videoçəkiliş olmadan davam etdi. Daha sonra məlum oldu ki, hazırladıqları xitam qərarında bir neçə kobud səhvlər var. Mən onların da düzəldilməsini istədim. Xitam qərarı BQXK qaydalarına uyğun olaraq, həm Azərbaycan, həm də ingilis dilində hazırlanmışdı və mən gördüm ki, o sənədin Azərbaycan və ingilis dillərində olan mətnlərinin arasında da fərq var. Buna öz iradımı bildirərək onun düzəldilməsini tələb etdim. Düşünün ki, bir səhifəlik sənədi dörd dəfə dəyişdilər. Bunun üçün təxminən bir saata yaxın müddət ərzində Bakı ofisində çalışan hüquqşünasla dəfələrlə telefonla danışdılar. Sonuncu dəfə isə, mənim də israrımdan sonra xitam qərarının azərbaycan dilində olan tərcüməsindəki səhvi düzətdilər və imzalamağa razılıq verdiyim nisbətən məqbul variantı hazırladılar. Yalnız bundan sonra xitam qərarına imza atdım, əmək kitabçamı aldım və həmin gün işə gedərkən özümlə götürdüyüm BQXK-nın mənim istifadəmdə olan bütün əşyalarını rəsmi şəkildə onlara təhvil verdim. Həmin gün bayram öncəsi olduğu üçün iş günü bir saat qısaldılmışdı və artıq iş günü bitdikdən təxminən bir saat sonra isə, son haqq-hesabımı bank kartıma köçürdülər. Bülletenlərin DSMF-nin sisteminə BQXK tərəfindən işlənməsi və onlara görə mənə ediləcək müvafiq ödənişlər də qanunvericiliyə uyğun şəkildə yaxın vaxtlatda olmalıdır. Eləcə də, Cenevrədə BQXK əməkdaşları üçün yaradılan xüsusi təqaüd fondunda yığılan və xidmətin sonunda əməkdaşlara geri ödənən vəsaiti də hələ ki, almamışam. Məhkəmə çəkişməmiz isə, davam edir və BQXK-ya qarşı iddiam öz qüvvəsindədir”,- Vüqar Əliyev əlavə edib.
“Bütün bu baş verənlər bir daha onu sübut edir ki, BQXK rəhbərliyi ona qarşı qərəzli olub və qisasçı münasibət bəsləyiblər. “Zatən belə olmasaydı, yəni adekvat və peşəkarcasına davransaydılar, mən məcbur qalıb onlar haqqında nə Cenevrədəki baş ofisə, nə də ki, Nərimanov məhkəməsinə müraciət etməzdim. Həmçinin o da məlum oldu ki, BQXK rəhbərliyində, xüsusilə də, onun hüquq şöbəsində və insan resursları departamentində qeyri-peşəkar şəxslər çalışır. Yəni, onlar adi xitam qərarını əmək məcəlləsinin tələblərinə uyğun şəkildə tərtib edə bilmirlər. Üstəlik, onu Azərbaycan dilinə doğru-dürüst tərcümə də eləyə bilmirlər və nəhayət, müvafiq qeydi belə düzgün şəkildə əmək kitabçasına əlavə etməyi də bacarmırlar. Doğrusu, bir il yarım çalışdığım təşkilatın məsul şəxslərinin belə aciz və rəzil duruma düşdüklərini görmək məni məyus etdi”.
Məlumata görə, BQXK-da yerli işçilərlə əmək müqavilələrini və eləcə də həmin müqavilələrə xitam verən qərarları, adətən Azərbaycan nümayəndəliyinin başçısı və yaxud onun yerli heyətdən məsul olan müavini imzalayır. Belə ki, Bakı və yaxud Bərdə ofislərində çalışmaqlarından asılı olmayaraq, bütün yerli işçilər Azərbaycan nümayəndəliyinin əməkdaşlarıdır. Sadəcə olaraq onların iş yerləri fərqli məkanlarda, yəni Bakıda və ya Bərdədə ola bilər. BQXK Bərdə alt nümayəndəliyinin isə, hüququ statusu olmadığı üçün əməkdaşları işə götürmək və təbii ki, onları işdən çıxartmaq kimi səlahiyyəti yoxdur. “Lakin mənim əmək müqaviləmə xitam verilməsi haqqında qərar istisna təşkil edirdi, çünki onu Bərdə ofisinin rəhbərinə imzalatdırmışdılar. Görünür, BQXK Azərbaycan nümayəndəliyinin başçısı Dragana Kojiç əmək müqaviləmin xitam qərarına özü imza atmaq istəməyib. Belə olan vəziyyətdə həmin qərara onun yerli heyətdən məsul olan müavini Sorin Ardeleanu imza atsa idi daha məntiqli olardı. Amma o da bunu etməyib. Yəqin ki, o bunu etməməklə guya mənə qarşı kinli olmadığını göstərmək istəyib. Lakin mən də və BQXK-da bir çoxları da bilir ki, bu belə deyil. Düşünürəm ki, haqqında ətraflı bəhs etdiyim bu tamaşanı Sorin Ardeleanu hazırlayıb. Yəni, bütün bunların elə məhz onun ağlının məhsulu olduğuna mənim zərrə qədər şübhəm yoxdur. Bununla da, o öz peşəkarlıq səviyyəsini və tutduğu məsul vəzifəyə nə dərəcədə layiq olduğunu bir daha nümayiş etdirdi. Kin, qərəz və qisas hissi adamın gözünü örtəndə təbii ki, normal və rasional düşüncə arxa plana keçir. Düzünü desəm, BQXK üçün bu dərəcədə təhlükəli adam olduğumu bilmirdim. Sayələrində bunu da öyrənmiş oldum. Təbii ki, bir tərəfdən də onların bu halına acıdım. Çalışdığım qocaman təşkilatın bu cür acınacaqlı duruma düşməsi, onunla yollarımızın ayrılmasına baxmayaraq, mənim özümə də çox pis təsir etdi”,- Vüqar Əliyev bildirdi.
Məlumat verdiyimiz kimi, BQXK-nın yerli əməkdaşı Vüqar Əliyev BQXK-dan əmək münasibətləri prosesində ona vurduğu mənəvi zərərin ödənilməsini tələb edib. O, hesab edir ki, BQXK onun işgüzar nüfuzuna xələl gətirib və məhz buna görə də, məhkəmə qarşısında cavab verməlidir. Mülki iddia Nərimanov rayon məhkəməsində qaldırılıb və növbəti iclas aprelin 6-da saat 16:00-a təyin edilib. Prosesə hakim Aytən Novruzova sədrlik edir.
Qeyd edək ki, son vaxtlar müxtəlif televiziyalarda və xəbər saytlarında, xüsusilə də, rəsmi dövlət televiziyası olan AZTV-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycanın əleyhinə olan fəaliyyətləri ardıcıl və ciddi şəkildə tənqid olunub.
Məsələ ilə bağlı BQXK-nın da mövqeyini işıqlandırmağa hazırıq. Mövzunu diqqətdə saxlayacağıq.