28 C
Baku
9 İyun 2025, 17:54
Baş xəbər

Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY-un 31 yaşını qeyd etdi

Bugun.tv xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY-un yaradılmasının 31-ci ildönümünü qeyd edib.

Xatırladaq ki, 1993-cü il iyulun 12-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın mədəniyyət nazirlərinin iştirakı ilə Almatı şəhərində keçirilən toplantıda “Türk Kültür və Sənətləri Ortaq Yönətimi”nin (TÜRKSOY) yaradılması haqqında saziş imzalanıb. Qurum 2009-cu ildən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı adlanır. TÜRKSOY-un Katibliyi Ankara (Türkiyə) şəhərində yerləşir. TÜRKSOY-da 6 qurucu üzv ölkədən savayı, Şimali Kipr Türk Cümhuriyyəti, eləcə də Rusiya Federasiyasının Altay, Başqırdıstan, Tatarıstan, Tıva, Xakasiya və Saxa-Yakut respublikaları, Moldovanın Qaqauz Yeri muxtar bölgəsi müşahidəçi üzvük statusuna malikdir.

TÜRKSOY türk xalqlarının ortaq mədəniyyət platforması olaraq dərin tarixi köklərə malik mənəvi dəyərlərimizi, zəngin mədəni, ədəbi irsimizi, dost və qardaş ölkələrin rəngarəng incəsənətini dünyada təblığ edir.

Azərbaycan təşkilatın yarandığı gündən onun fəaliyyətində yaxından iştirak edir. TÜRKSOY-un ilk baş katibi Azərbaycan Respublikasının keçmiş mədəniyyət naziri, hazırda ölkəmizin Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu olub. TÜRKSOY hər il ölkəmizlə bağlı layihələr həyata keçirir. O cümlədən “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi iki dəfə Azərbaycanda reallaşıb. 2016-cı ildə bu adı Şəki şəhəri daşıyıb. 2023-cü ildə isə Azərbaycan mədəniyyətinin paytaxtı, tarixi Zəfərimizin tacı Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı” olub. 2023-cü ilin oktyabrında Şuşada keçirilən TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclasında təşkilatın gələcək fəaliyyət spektri ilə bağlı mühüm müzakirələr aparılıb və qərarlar qəbul olunub.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi TÜRKSOY-un yaranmasının 31-ci ildönümü münasibətilə təşkilatın baş katibi hörmətli Sultan Raevi və TÜRKSOY Katibliyinin çalışanlarını, həmçinin təşkilatda təmsil olunan bütün qardaş xalqları təbrik edib, bundan sonrakı birgə fəaliyyətlərdə yeni-yeni uğurlar arzulayıb.

TÜRKSOY bir sıra beynəlxalq qurumlarla, o cümlədən 1996-cı ildə birgə müqavilə imzaladığı UNESCO ilə, habelə Türk Əməkdaşlıq Şurası, TürkPA, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edir.

Mənbə: Mədəniyyət Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Rubl gündən-günə dəyərini itirir

Nigar Məmmədova

Windows-un yeni yeniləməsi bəzi kompüterləri sıradan çıxarır

Aynur Camal

Azərbaycan Ordusunun kadr işləri üzrə heyətinin təlim-metodiki toplanışı keçirilir

Sevinc Sadıqova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu