Bu gün Azərbaycan ilə Türkiyə arasında “Bir millət, iki dövlət” prinsipi üzərində qurulan strateji ittifaqın formalaşmasının 34-cü ildönümü qeyd olunur. Alyansın müasir mərhələsi 14 yanvar 1992-ci ildə Türkiyənin Bakıdakı Baş Konsulluğunun səfirlik statusuna yüksəldilməsi ilə başlayıb.
İki ölkə arasındakı münasibətlərin tarixi kökləri 1918-ci ilə, Azərbaycanın ilk müstəqillik dövrünə gedib çıxır. Osmanlı İmperiyasının Azərbaycanı tanıması və Qafqaz İslam Ordusunun Bakının azad edilməsindəki rolu qardaşlıq əlaqələrinin əsasını qoyub. Sovet dövründə münasibətlər məhdud olsa da, Türkiyə 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olub.
Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt Prezident İlham Əliyev dövründə də davam etdirilərək əlaqələr strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Enerji və nəqliyyat sahəsində Bakı–Tbilisi–Ceyhan, TANAP və Bakı–Tbilisi–Qars kimi layihələr əməkdaşlığın əsas dayaqlarına çevrilib.
Türkiyə Azərbaycanın ən böyük qeyri-neft investorudur. Qarşılıqlı investisiyaların həcmi 38 milyard dollara yaxındır, ticarət dövriyyəsi isə 2024-cü ildə 8 milyard dollara çatıb. Türk şirkətləri Qarabağ və Şərqi Zəngəzurun bərpasında da aparıcı rol oynayır.
Hərbi sahədə əməkdaşlıq, İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin siyasi və mənəvi dəstəyi, 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi münasibətləri rəsmi müttəfiqlik mərhələsinə daşıyıb.
Prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev arasındakı yaxın dostluq Azərbaycan–Türkiyə birliyinin əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir.
Mənbə: EnSonHaber
