Bugun.tv– yə daxil olan məlumata görə, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş hərbçi Cəlilov Azad Sabir oğlunun cəsəd qalıqları uzun illərdən sonra tapılaraq ailəsinə təhvil verilib.
Əslən Ucar rayonunun Alpout kəndindən olan şəhidin nəşinin müəyyənləşdirilməsi ailəsi və doğmaları üçün kədərli olduğu qədər qürurverici anlarla yadda qalıb.

Şəhidlə vida mərasimində rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, qazilər və çoxsaylı kənd sakinləri iştirak ediblər. Mərasim zamanı din xadimləri tərəfindən cənazə namazı qılınıb, şəhidin əziz xatirəsi ehtiramla yad olunub.

Cəlilov Azad Sabir oğlu doğulub boya-başa çatdığı Alpout kənd qəbiristanlığında hərbi orkestrin hüznlü sədaları altında, fəxri qarovul dəstəsinin yaylım atəşi ilə torpağa tapşırılıb. Uğrunda canından keçdiyi müqəddəs üçrəngli bayraq mərasim zamanı qardaşına təqdim olunub. Məzarı üzərinə əklillər düzülüb, güllər səpilib, dualar oxunub.

Qeyd edək ki, Cəlilov Azad Sabir oğlu 1975-ci ildə Ucar rayonunun Alpout kəndində anadan olub. O, 1994-cü ildə Vətənin müdafiəsi üçün hərbi xidmətə yollanıb və Murovdağ istiqamətində gedən döyüşlər zamanı itkin düşüb. İllər sonra onun taleyinə aydınlıq gətirilməsi ailəsinə təsəlli, cəmiyyət üçün isə şəhidin ruhu qarşısında mənəvi borcun bir qisminin yerinə yetirilməsi kimi qiymətləndirilir.

Allah rəhmət eləsin.
Bugun.tv- müxbir: Səbinə Mirzəqızı
