Bugun.tv xəbər verir ki, “Bizim Qafqaz” təşkilatı Azərbaycan Mətbuatının 149 illiyinə həsr olunan tədbir keçirib. Layihənin müəllifi Nini Karseladze Qafqaz xalqlarının dünyaya tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb.

“Mən Nini Karseladze Tbilisidənəm. 11 ildir Azərbaycanda yaşayıram. Müxtəlif biznes sahələrində trening və konsaltinq üzrə ixtisaslaşan gürcü şirkətinin rəhbəriyəm. Eyni zamanda Azərbaycanla Gürcüstan arasında biznes və mədəni əlaqələrin qurulmasına xidmət edən “Bizim Qafqaz” layihəsinin yaradıcısı və aparıcısıyam. Əsas məqsədimiz ölkələrimizin mədəniyyətini və tarixini, adət-ənənələrini təbliğ etmək, tanıtmaqdır”, – deyə o bildirib.

“Bu gün keçirdiyimiz tədbir sayca ikincidir. Azərbaycan mətbuatının 149 illiyinə həsr olunub. Tədbirə çox sayda qonaqlar dəvət etdik. Media nümayəndələrinə müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olundu, sənətçilər musiqi nömrələri ilə jurnalistləri təbrik etdilər”, – bildirib.

Tədbirdə media nümayəndələri ilə yanaşı, ictimai xadimlər, millət vəkilləri, yerli və Gürcüstandan gələn musiqiçilər, tanınmış müğənnilər iştirak ediblər. Qonaqlar jurnalistlərə peşə fəaliyyətlərində uğurlar diləyiblər.

Mükafata layiq görülənlər arasında “Bugün TV Media Qurumu” da olub.