İnsanı insan edən ən başlıca xüsusiyyət onun mənəvi təmizliyidir. Mənəvi təmizliyin əlamətləri isə üç amildə özünü göstərir: vicdan, namus, qürur.
Bu amillər qəhrəman oğullarımızda özünü daha qabarıq şəkildə büruzə verdiyi üçün onlar gözlərini qırpmadan ölümlə üz-üzə gəldilər. Vicdan təmizliyi, vətənin namusu, insanlıq qüruru onları şəhidlik zirvəsinə ucaltdı. Şəhidlik dinimizdə ən ali dərəcədədir. Bu səbəbdən islam dininə, inancına malik insanlar heç vaxt şəhadət şərbətini içməkdən çəkinməmiş, müqəddəs dəyərlər uğrunda mübarizə aparmışlar.
Mən sizə məhz belə mübarizlərdən biri, şəhid Yarməmmədov Vüqar Məmməd oğlu haqqında danışmaq istəyirəm.
1960-cı il 11 noyabr …Payızın ən gözəl çağında sadə, zəhmətkeş Məmməd müəllimin ailəsində bir oğlan uşağı dünyaya göz açdı. Hamının sevimlisi xüsusilə də dörd bacının…
Vaxtı ilə qardaş yolu gözləyərək, “Ağ daş, qara daş, Allah bizə də bir qardaş” deyərək, gecə-gündüz oxuduqları duanı Tanrı qəbul edib, onlara ikinci qardaşı bəxş eləmişdi. Körpənin adını “Vüqar” qoydular. Ata-ana qoy bacılarının, qardaşının vüqarı, qüruru olsun dedilər. Amma bilmədilər ki, bu körpə böyüyüb təkcə ailənin deyil, elinin, obasının, Kürdəmirin vüqarı, fəxri qüruru olacaq.
Vüqar Kürdəmir rayonunun ilk şəhidi idi.
Bəzən körpələrə verilən adlar onların həyat yolunu, taleyini tamamlayır. Vüqar adı kimi-şax duruşlu, şux yerişli, sərrast danışıqlı, sərkərdə cəsarətli, iti zəkalı idi.
1992-ci il …Tariximiz ən mürəkkəb ziddiyyətli və təhlükəli günlərini yaşayırdı. Vətən də, xalq da, milli varlığımız da, şərəf, namus və qeyrətimiz də təhlükədə idi. Vüqar vətənin dar günündə onun səsinə səs verib həqiqət uğrunda mübarizəyə qoşuldu, vətən naminə döyüşə atıldı. Köksümüzün içində bir səs var, bu bizim vicdanımızın səsidir. Vüqar bu səsi dinləyib həyat yoldaşı və üç körpə balasını vətənə əmanət qoyub getdi…
Həcər qeyrətli Günəş, Vüqarın qoyub getdiyi ənənələrə sadiq qaldı, balalarını şərəflə, namusla böyüdüb yerbəyer etdi. Onları vətənpərvərlik ruhunda yetişdirdi. Qoşqar atasının adına layiq şəhid övladı kimi boya-başa çatdı. Bu gün bu ailədə balaca Vüqar böyüyür. O da eyniylə babası Vüqara çəkib. Hərəkətlərində, oturuşu-duruşunda əzəmət, qürur, vüqar duyulur.
Bacısı Balacaxanım Vüqara həsr etdiyi şeirində yazır:
Qədərə, qismətə nə deyək qardaş
Sənin də alnına bu yazılıbmış.
Özün bu dünyadan vaxtsız köçsəndə,
Adın əbədilik yaşayacaqmış!
Yaşasaydın 64 yaşın olacaqdı. Bu gün sənin ad günündür…Cənnətdəki hər günün mübarək şəhid dayım. Sən bütün Azərbaycanın qürur yeri, vüqarısan!
Ölüm sevinməsin qoy, ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər.
Şirin xatirətək qalacaqdır dünyada,
Sevərək yaşıyanlar, sevilərək ölənlər!
Müəllif: Sədaqət Əsgərova- Filoloq, Azərbaycan Dövlət Pedaqoji Universtetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Ana dili-Ədəbiyyat müəllimi.