BMT-nin Baş katibi Antonio Quterreş Yaxın Şərqdə artan gərginliklə bağlı ciddi narahatlığını ifadə edərək, bölgədə vəziyyətin nəzarətdən çıxdığını bildirib.
Quterreş BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı deyib ki, Yaxın Şərq “təsəvvürəgəlməz həddə doğru irəliləyir” və getdikcə daha geniş qarşıdurma dairəsinə sürüklənir. Onun sözlərinə görə, bir böhran digərini qidalandırır, hər yeni eskalasiya isə növbəti qarşıdurmaya zəmin yaradır.
Baş katib Qəzza zolağındakı vəziyyətə də toxunaraq bildirib ki, atəşkəsə baxmayaraq mülki əhali hər gün ağır bədəl ödəyir. O qeyd edib ki, humanitar vəziyyət son dərəcə ağır olaraq qalır və yardım əməliyyatları ciddi maneələrlə üzləşir. Quterreş həmçinin İordan çayının qərb sahilində gərginliyin artdığını vurğulayıb.
BMT rəhbəri beynəlxalq ictimaiyyəti gərginliyin daha da artmasının qarşısını almaq üçün diplomatik səyləri gücləndirməyə çağıraraq, böhranın həllinin yalnız dialoq yolu ilə mümkün olduğunu bildirib.
Mənbə: İLKHA

