Livan Hizbullahı İsrailə 20 pilotsuz uçuş aparatı göndərib və 200-dən çox raketlə ona hücum edib. Hücumlar nəticəsində bölgədə böyük yanğın baş verib.
Livan Hizbullahı yüksək səviyyəli səhra komandiri Məhəmməd Nime Nasser və üzvlərindən birinin öldürüldüyü hücumun qisasını almaq üçün hərəkətə keçib.
Hizbullah İsrail ərazisinə 20 pilotsuz uçuş aparatı (PUA) göndərib və 200-dən çox raket atıb.İlkin təsbitlərə görə, Akkada bir ticarət mərkəzinə ziyan dəyib, can itkisi və xəsarət alan olmayıb. Digər tərəfdən, hücuma görə bölgədə genişmiqyaslı yanğının başladığı bildirilib.
İsrail ordusundan verilən açıqlamaya görə, Livan sərhədində də əks hücumlar təşkil edilib.
Digər tərəfdən, İsrail ordusu Livanın cənubundakı Hizbullah hədəflərinin, Şihinedəki bir binanın və Cəbəl-Blat bölgəsindəki infrastruktur obyektlərinin döyüş təyyarələri ilə vurulduğunu bildirib. İsrail mediası hücumların gecə boyu davam etdiyini açıqlayıb. Həmçinin İsrail ordusu hücumun görüntülərini paylaşıb.
İsrail ordusunun Livanın cənubundakı Sur şəhərinə təşkil etdiyi hava hücumunda Hizbullahın yüksək səviyyəli komandiri Məhəmməd Nimah Nasser və iki Hizbullah üzvü həyatını itirib.
Nasser Livanın cənubundakı Hizbullahın üç regional bölməsindən biri olan Əziz bölməsinin komandiri kimi tanınırdı. Nasirin ölümü oktyabrın 7-dən bəri İsrail tərəfindən öldürülən Hizbullahın ikinci ən yüksək rütbəli komandiri kimi qeydə alınıb.
İSRAİL-HİZBULLA GƏRGİNLİYİ
Oktyabrın 7-dən Qəzza zolağına hücumlarını davam etdirən İsrail şimal sərhədində isə Livan Hizbullahı ilə döyüşür. Son həftələr İsrail və Livan arasında “Mavi xətt” adlanan sərhəd xəttində gərginlik artmaqdadır.
İsrail ordusu iyunun 18-də Livana mümkün hücum üçün “əməliyyat planını” təsdiqlədiyini açıqlamışdı.
İsrailin xarici işlər naziri Yisrael Katz iyunun 21-də verdiyi açıqlamada Hizbullahın İsrail torpaqlarına və vətəndaşlarına hücumlarına icazə verilə bilməyəcəyini və tezliklə lazımi qərarları alacaqlarını bildirmişdi.
Livan Hizbullahı da İsrail Qəzzada atəşkəs sazişi imzalayana qədər hücumlarını davam etdirəcəyinə dair mövqeyini təkrarlayıb.
Mənbə: TGRT