Bugün.TV xəbər verir ki, Britaniya alimləri tərkibində “teobromin” adlı maddə olan müəyyən şokolad növünün yaşlanma proseslərini ləngidə biləcəyini aşkar ediblər. London Kral Kollecinin tədqiqatçıları müəyyən ediblər ki, tərkibində yüksək miqdarda kakao olan tünd şokolad bədəndəki yaşlanma göstəricilərini zəiflədə bilər.
Tədqiqatçılar bildiriblər ki, şokolada acı dad verən əsas maddə məhz teobromindir və o, yalnız yüksək kakao tərkibli təbii tünd şokoladda yüksək olur. Tədqiqatın müəllifi, epigenomika professoru Cordan Bell vurğulayıb: “Biz insanların daha çox tünd şokolad yeməli olduğunu demirik, lakin bu araşdırma gündəlik qidalanmanın daha sağlam və uzunömürlü həyata dair ipucları verə biləcəyini göstərir”.
Araşdırma 1669 nəfər üzərində aparılıb, iştirakçıların orta yaşı 60 olub. Komanda bioloji yaşı müəyyən etmək üçün DNT-dəki kimyəvi dəyişikliklər və xromosomların ucundakı telomerlərin uzunluğunu analiz edib.
Nəticələrə görə, orqanizmində teobromin səviyyəsi yüksək olan şəxslərin bioloji yaşının əsl yaşlarından aşağı olduğu müəyyən edilib.
Professor Bell qeyd edib ki, şokoladın faydası olsa da, tərkibindəki yüksək şəkər və yağ səbəbindən onu balanslı şəkildə istehlak etmək vacibdir. Onun sözlərinə görə, seçim zamanı tünd şokolada üstünlük vermək daha məqsədəuyğundur. Çünki teobromin süd şokoladında az miqdarda, ağ şokoladda isə ümumiyyətlə yoxdur.
Mənbə: mail.ru
