Özünün 27 illik fəaliyyəti dövründə ali konstitusiya ədalət mühakiməsi orqanı kimi işini Azərbaycan Respublikası Konstitusiyasının aliliyi, müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurmuş Konstitusiya Məhkəməmiz bütün dövrlərdə qəbul etdiyi Qərar və Qərardadlarında birmənalı şəkildə Konstitusiyanın aliliyinin təmini, hər kəsin əsas hüquq və azadlıqlarının müdafiə edilməsi kimi şərəfli məqsədlərə sadiq qalıb.
27-ci ildönümündə, həm hakimlərin, həm Məhkəmə Aparatının işini təhlil edərkən əminliklə demək olar ki, bu gün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi məhz Ulu Öndərin görmək istədiyi ali konstitusiya ədalət mühakiməsi orqanıdır.
Məlumdur ki, müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən “xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq” ifadə olunan altı ali niyyətdən biri kimi təsbit olunmuşdur. Bu, ilk növbədə Ulu Öndərin 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələrkən Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalı olması barədə iradə ifadəsindən qaynaqlanırdı. Bildiyiniz kimi, 1995-ci ildə Konstitusiyanın qəbulu fonunda ölkədə genişmiqyaslı islahatlar kursuna start verildi və heç şübhəsiz ki, məhkəmə-hüquq islahatları bu tarixi proseslərin mərkəzində dayanırdı. Məhkəmə-hüquq islahatları prosesinin vacib elementi kimi Konstitusiyanın 86, 88, 102, 103, 104, 107, 130, 153 və 154-cü maddələri ilə Konstitusiya Məhkəməsinin formalaşması və fəaliyyəti prinsipləri müəyyən olundu və 14 iyul 1998-ci ildə Ümummilli Liderin özünün Konstitusiyada əksini tapmış şəxsi təşəbbüsü ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradıldı.
Digər istiqamətlərdə olduğu kimi, Ulu Öndərin məhkəmə-hüquq konsepsiyasını da uğurla davam etdirən cənab İlham Əliyevin isə Prezident seçildikdən sonra ilk imzaladığı normativ hüquqi aktlardan biri 23 dekabr 2003-cü ildə qəbul olunmuş Azərbaycan Respublikasının “Konstitusiya Məhkəməsi haqqında” Qanun oldu. Beləliklə, əminliklə deyə bilərik ki, Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsaslarının tamamlanması ilə başlanan qızıl dövrü məhz cənab İlham Əliyevin adı ilə bağlıdır. Nəticə etibarilə, bu gün Konstitusiya Məhkəməsi seçkilər də daxil bir sıra taleyüklü məsələlərdə həlledici instansiya kimi ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayır, qanunların, qərarların və digər normativ hüquqi aktların Konstitusiya və qanunlara uyğunluğunu yoxlayır, dövlət orqanlarından daxil olan sorğular və ümumi məhkəmələrin müraciəti əsasında Konstitusiya və qanunlara şərh verir, qanunla müəyyən edilmiş formada fərdi şikayətlərə baxır, ləğv edilə, dəyişdirilə və rəsmi təfsir oluna bilməyən qəti qərarları ilə hüquqi dayanıqlılığı təmin edir.
Konstitusiya Məhkəməsinin yaranışının 27-ci ildönümündə Konstitusiya Məhkəməsinin dünyasını dəyişmiş hakimlərini də yad edir, xüsusən 2023-cü ilin əvvəlində vəfatı hüquq ictimaiyyəti üçün böyük itki olan, Azərbaycan məhkəmə-hüquq sistemində, prokurorluq orqanlarında uzun müddət ləyaqətlə çalışmış, özündən sonra, sözün əsl mənasında, şərəfli ad qoyub getmiş mərhum Mahir Muradovu ehtiramla anırıq.
Bu əlamətdar gündə Konstitusiya Məhkəməsinin yaranışının 27-ci ildönümü münasibətilə Məhkəmənin Sədri başda olmaqla, Məhkəmənin bütün hakimlərini, Aparat və İşlər İdarəsinin əməkdaşlarını təbrik edir, daha güclü Azərbaycan naminə fəaliyyətlərində uğurlar arzulayırıq”.
Bəhruz Məhərrəmov
Milli Məclisin deputatı