Millət vəkili Ceyhun Məmmədov parlamentin plenar iclasında çıxışı zamanı deyib ki, bu prosesə televiziya verilişləri də ciddi mənfi təsir göstərir: “Ailə dəyərlərinə zidd verilişlərin dayandırılmasının vaxtı çoxdan çatıb. Bu məsələlərdə cəmiyyətin də üzərinə ciddi məsuliyyət düşür. 16 yaşlı qızın toyunda iştirak edən hər kəs o cinayətin vəbalına da şərikdir. Necə olur ki, bu qədər insanın biri bu qeyri-qanuni əmələ reaksiya vermir?!”.
Maraqlıdır, ailə dəyərlərinə qarşı çıxan verilişlər bağlana bilərmi?
“Birbaşa əxlaqsızlığın təbliğ olunması, ailələrin dağılmasının təşviq olunması, gənclərin psixologiyasının pozulması üçün özəl televiziyalar əlindən gələn hər şeyi artıqlaması ilə edir”.
Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı da bu mövzu ilə əlaqədar şərhində bunları bildirib: “20 ildən çoxdur ki, biz bu haqda danışıb, həyəcan təbili çalırıq. Azərbaycan xalqının mənəviyyatına qarşı özəl televiziyalar tərəfindən açıq şəkildə psixotron terror həyata keçirilir. Birbaşa əxlaqsızlığın təbliğ olunması, ailələrin dağılmasının təşviq olunması, gənclərin psixologiyasının pozulması üçün özəl televiziyalar əlindən gələn hər şeyi artıqlaması ilə edir. Təəssüf ki, onlar bununla bağlı çox böyük nəticələr əldə edib. Iş o yerə çatıb ki, ölkəmiz boşanmalara görə dünya liderləri siyahısında yer alıb. Ölkədə kütləvi şəkildə əxlaqsızlıq, mənəviyyatsızlıq artır. Tam şəkildə mənəvi deqradasiya yaşanır. Bu problemin həlli istiqamətində bir-iki adamdan başqa heç kim mübarizə aparmır, əks-təbliğat etmir. Göz görə-görə gənclərimiz məhvə doğru gedir. Gözümüzün qabağında baş verən dəhşətli hadisələrin ardı-arası kəsilmir. Bu hadisələrin yaşanmasında 90 faiz televiziyaların rolu var. Bu gün özəl telekanallarda açıq şəkildə deyilir ki, ailə geridə qalmış mental problemdir. Gənclərə təbliğ edirlər ki, yalnız öz əyləncəniz, öz karyeranız üçün çalışın. Dövlət televiziyasından savayı digər telekanallarda ailənin boş şey olduğu təbliğ olunur. Bunun qarşısını almağa dövlətin, cəmiyyətin gücü çatmasa mənəvi deqradasiya daha da vüsət alacaq. Dövlət səviyyəsində çox ciddi tədbirlər görülməlidir. Qanunvericiliyə dəyişiklik edilməli, cəzalar daha da sərtləşdirilməlidir. Öz dəyərlərimiz təbliğ olunmalıdır, ailənin əhəmiyyəti, vacibliyi, üstünlüyü, müqəddəsliyi gənclərə aşılanmalıdır. Bununla yanaşı, dövlət gənc ailələrə dəstək olmalıdır. Çoxuşaqlı ailələrin sayının artması üçün müəyyən işlər görülməlidir. Ən əsası, boşanma prosesi çətinləşdirilməlidir. Əsassız boşanma tələbinə görə insanlar cəzalandırılmalıdır. Heç bir səbəb olmadan boşanma üçün müraciət edənlərin əlindən uşaq alınıb, uşaq evinə yerləşdirilməlidir. Bununla yanaşı, boşanan şəxslərin – hər iki tərəfin əmək haqqının yarısı uşaq evinə verilməlidir. Bu kimi sərt tədbirlər sayəsində mənasız boşanmaların sayı azalar. Başqa cür bunun qarşısını almaq mümkün deyil. Bu gün gənclər sanki boşanmaq üçün ailə qurur, sonra olan uşağa olur, atasız-anasız ortada qalır. Sağlam gələcək əvəzinə, xəstə bir gələcək yetişir. Bunun qarşısını almaq istəyiriksə, sərt addımlar atmalıyıq. Yoxsa mənəvi deqradasiya daha da güclənəcək”.
Mənbə: Facebook