Bugun.tv– xəbər verir ki, görkəmli yazıçı, dramaturq Elçin Əfəndiyevin 40 mərasimi ilə əlaqədar Azərbaycanın xalq yazıçıları, millət vəkilləri, yaxın dostları Fəxri Xiyabanda Elçin Əfəndiyevin məzarını ziyarət ediblər.
Bununla əlaqədar məlumatı Ailə Uşaq problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Bahar Muradova öz sosial media hesabında paylaşıb.
O bildirib ki, bu gün Xalq yazıçısı, böyük ziyalı və müdrik söz ustadı Elçin Əfəndiyevin (1943–2025) Fəxri xiyabandakı məzarını ziyarət etmək mənim üçün həm qürur, həm də kədər dolu bir an idi.
Onun məzarının önündə dayanarkən bir daha dərk etdim ki, Elçin müəllim yalnız bir yazıçı deyildi – o, bütöv bir məktəb, sözün və düşüncənin əbədi qalası idi.
Mərasimdə mərhumun ailə üzvləri, elmi və yaradıcı mühitin nümayəndələri, tanınmış ictimai-siyasi xadimlər onun xatirəsini dərin ehtiramla yad etdilər. Əklillər və gül dəstələri sanki səssizcə bir həqiqəti pıçıldayırdı: böyük sənətkarlar unudulmur, onların işığı ömürlərin üzərinə düşərək yol göstərir.
Elçin Əfəndiyevin qələmi hər zaman xalqın taleyi ilə döyünən bir ürəyin səsinə çevrilirdi.
Onun yaratdığı obrazlar, qaldırdığı mövzular yalnız ədəbi hadisə deyil, həm də milli yaddaşımızın, mənəvi dayanışmamızın ifadəsi idi. O, sözün gücünü sadəcə bədii təsvirlərdə deyil, ictimai mövqeyində də göstərdi – mədəni dəyərlərimizi, sosial maraqlarımızı və müstəqil dövlətçilik ənənələrimizi qorumağa xidmət etdi.
Mənim üçün bu ziyarət təkcə bir mərasim deyil, həm də mənəvi ehtiyac idi. Çünki ustadın ruhu qarşısında baş əymək, ona minnətdarlığını bildirmək – sözün ucalığına, ədəbiyyatın gücünə sədaqətin ifadəsidir.

Elçin müəllim ömrünü sözə bağladı və sözün işığında ölümsüzlüyə qovuşdu. Ruhu şad, məkanı cənnət olsun!
Bahar Muradova Ailə Uşaq problemləri Komitəsinin rəhbəri.

