Bu gün görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq Artisti, SSRİ Dövlət Mükafatı laureatı Fikrət Əmirovun anım günüdür.
O, 1922-ci il noyabrın 22-də Gəncədə tanınmış xanəndə, tarist və bəstəkar Məşədi Cəmil Əmirovun ailəsində anadan olub.
Gəncə Musiqi Məktəbinin tar sinfində, sonra Bakı Musiqi Texnikumunun bəstəkarlıq sinfində təhsil alıb. 1939-cu ildə Bakı Konservatoriyasına daxil olub, B.İ.Zeydmandan bəstəkarlıq, Üzeyir Hacıbəylidən Azərbaycan xalq musiqisinin əsasları üzrə təhsil alıb.
Müharibə başlayandan sonra F.Əmirov cəbhəyə getmiş, lakin yaralanaraq tərxis edilmişdir. 1942-1945-ci illərdə Filarmoniyanın direktoru və bədii rəhbəri, eləcə də Gəncə musiqi məktəbinin direktoru vəzifələrində çalışıb.1945-ci ildə təhsilini davam etdirib və üç ildən sonra konservatoriyanı bitirərək diplom işi kimi “Ulduz” operasını təqdim edib. 1946-1947-ci illərdə M.Maqomayev adına Azərbaycan Filarmoniyasının bədii rəhbəri, 1956-1959-cu illərdə Azərbaycan Opera və Balet Teatrının direktoru olub.
Fikrət Əmirov müxtəlif janrlarda çoxlu sayda əsərlər yazıb. Ən məşhur simfonik əsərləri “Azərbaycan kapriççiosu” (1961), “Gülüstan – Bayatı-Şiraz” (1968), “Nəsimi əfsanəsi” (1977), orkestr ilə skripka və fortepiano üçün konsert (1948), “Min və bir neçə” baletidir (1979).
Bəstəkar öz yaradıcılığında Azərbaycan xalq melodiya və ritmlərindən, muğam prinsiplərindən, improvizasiyadan fəal istifadə etmiş, onları variasiyalı və polifonik inkişafla üzvi şəkildə birləşdirmişdir.O, Azərbaycan Bəstəkarlar İttifaqının (1956-cı ildən) və SSRİ Bəstəkarlar İttifaqının (1975-ci ildən) idarə heyətinin katibi və Azərbaycan SSR EA-nın müxbir üzvü olub (1980).
Görkəmli bəstəkar 1984-cü il fevralın 20-də vəfat edib. Bakıda Fəxri Xiyabanda dəfn edilib.
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Gəncə Dövlət Filarmoniyası onun adını daşıyır. Bakıda, Gəncədə, Sumqayıtda onun adını daşıyan yerlər, musiqi məktəbləri var. Bakıda küçə (keçmiş Millionnaya, sonralar Darvin, Voroşilov) və Xəzər Universitetinin Konfrans və Konsert Mərkəzi (Bakı şəhəri, Bəşir Səfəroğlu küçəsi, 122) F.Əmirovun adını daşıyır.
2006-cı il noyabrın 22-də görkəmli Azərbaycan bəstəkarının uzun illər yaşayıb-yaratdığı Bakının Tərlan Əliyarbəyov küçəsindəki 2 nömrəli evdə xatirə lövhəsi qoyulmuşdur.
Qeyd edək ki, 2022-ci ilin noyabr ayında F.Əmirovun anadan olmasının 100 illik yubileyi keçirilib. Musiqi tədbirləri çərçivəsində noyabrın 12-dən 23-dək Bakı və Gəncə şəhərlərində silsilə konsertlər, tamaşalar və bununla bağlı tədbirlər keçirilib. Noyabrın 22-də Heydər Əliyev Sarayında bəstəkarın anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilmişdir. Noyabrın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkarın “1001 gecə” baleti səhnəyə qoyulub.
Eyni zamanda, 2021-ci ildə YUNESKO-nun Parisdə keçirilən 41-ci Baş Konfransı çərçivəsində F.Əmirovun yubileyi də dünya təşkilatının 2022-2023-cü illər üçün yubileylər proqramına daxil edilib ki, bu da həyata keçirilən tədbirlərin təzahürü olub. Azərbaycan bəstəkarının sənəti beynəlxalq səviyyədə həmişə nümayiş etdirilib və etdirilməkdədir.