Beş il öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Hadrut qəsəbəsini işğaldan azad etdi. Qədim Azərbaycan torpağı olan Hadrut qəsəbəsi strateji əhəmiyyət daşımaqla yanaşı, eyni zamanda böyük iqtisadi potensiala malikdir. Xocavənd rayonunun qəsəbəsi olan Hadrut böyük iqtisadi və turizm potensialı ilə seçilən bölgələrimizdəndir.
Uşaqlıq illərimin keçdiyi Füzuli rayonun Aşağı Güzlək kəndi Hadrut qəsəbəsinin yaxınlığında yerləşirdi. O zamanlarda da Hadrut Azərbaycanın ən səfalı yerlərindən hesab olunurdu. O Qafqazda qış, yay, müalicəvi, tarixi, dini turizm imkanları ilə seçilən bölgələrdəndir. Böyük turizm potensialı Hadrut qəsəbəsində qısa zamanda iqtisadi aktivliyi bərpa etməyə imkan verəcək. Tamamilə türk mənşəli oronomik toponimlərə sahib olan Hadrut qəsəbəsi ən qədim insan məskənlərindən biri hesab olunur.
Hazırda Hadrut qəsəbəsi yeni inkişaf mərhələsinə qədəm qoyub. Artıq Hadrutda iqtisadiyyatın fərqli sektorlarının formalaşdırılması və Azərbaycan iqtisadiyyatına re-inteqrasiyası ilə bağlı intensiv işlər aparılır.
Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik.