Kosovo vətəndaşları Şengen bölgəsinə vizasız səyahət etmək hüququ qazandıqdan sonra ilk səfərlərə başlayıblar.
Bugun.tv xarici KİV-ə istinadla xəbər verir ki, Kosovo hökuməti Baş nazir Albin Kurt və xarici işlər və diaspor naziri Donika Gervalla-Şvars hava limanında Vyanaya vizasız gedəcək sərnişinləri yola salıblar.
Baş nazir Kurti çıxışında 2024-cü ildən vizasız səyahət imkanının qüvvəyə minməsi ilə Kosovoya edilən ədalətsizliyin aradan qaldırıldığını bildirib: “Uzun müddət gözlədik, bir çox imkanlardan məhrum olduq, ona görə də bu gün əhəmiyyətli bir gündür”.
Xarici işlər və diaspor naziri Donika Gervalla-Şvars isə bildirib ki, artıq gərəksiz bürokratiya yoxdur. Onun sözlərinə görə, Kosovo biznesmenləri də öz fəaliyyət sahələrini genişləndirmək və ölkəyə daha yaxşı və daha davamlı investisiyalar gətirmək imkanı əldə edəcəklər”.