“Bu, əslində yeni mərhələnin başlanması oldu. Çünki Azərbaycanın sərhədlərinin tamamlanması, bütün sərhəd xətləri boyunca sərhəd xidmətinin öz fəaliyyətini yerinə yetirə bilməsi anlamına gəlir. Hüquqi mənada isə suverenliyimizin bərpasıdır”.
Bunu siyasi şərhçi Əziz Əlibəlyi Bugun.tv-yə açıqlamasında bildirib. “Azərbaycan və Ermənistan arasındakı sərhəd SSR dövründə də qeyri-müəyyən bir vəziyyətdə olub. Faktiki ölkənin Ermənistan vəsitəsilə daxili ərazi vahidi birmənalı şəkildə tapdanıb. Dağlıq Qarabağ muxtar vilayəti adlanan əraziyə onların bilavasitə işğalçı istiqamətlərdə hər bir zaman cəhd göstərməkləri üçün şərait olub. 2020-ci il, 10 noyabr razılaşmasından sonra Azərbaycan 3 tərəfli razılaşmanın şərtlərinə görə, sülh müqaviləsinin bağlanmasını və Qarabağ probleminin həlli ilə bağlı məsələlərə böyük ümid edirdi. Çünki, Ermənistanın və Rusiyanın öhdəlikləri var idi. Amma bu öhdəliklər yerinə yetirilmədi. Azərbaycan isə vaxtaşırı olaraq Qarabağ bölgəsi daxil, həm də Laçın-Xankəndi yolu istiqaməti daxil bu prosesləri mərhələ-mərhələ həyata keçirtməyə çalışırdı. Nəhayət ki, 24 aprel günü məntəqənin açılması bir neçə ciddi nəticələr doğurdu”.
Ə.Əlibəylinin sözlərinə görə, əsas nəticələrdən biri də ondan ibarətdir ki, Qarabağ erməniləri Azərbaycan gömrüyündən və sərhəd xidmətindən asılı duruma düşür. “Qarabağ ermənilərinin daşıdıqları pasportu Azərbaycan tərəf qəbul etməzsə (böyük ehtimal ki, edilməyəcək), bu da onları qeyri-müəyyən vəziyyətə salmış olacaq. Eyni zamanda, Qarabağ zonasında fəaliyyət göstərən Rusiya sülhməramlı kontingentinin fəaliyyətinin mənasızlığı, absurdluğu ortaya çıxacaq. Onlara ehtiyac olmadığı konkret görünəcək. Əlbəttə ki, həm silahların qeyri-qanuni gətirilməsi, həm kimlərin sərhəddən keçib-keçməməsi ilə bağlı qərarlar da, Azərbaycana məxsus olacaq. Ona görə də, bu böyük bir mərhələdir. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üçün təqdim olunan beş prinsipdən birinin tərkib hissəsidir. Yəni Paşinyan özü də son açıqlamalarında, Qarabağ məsələsini gündəmə gətirərkən, “Azərbaycanın ərazi bütövlüyünü tanıyır” kontekstdə qiymətləndirmə etmişdi. Biraz onun da işi asanlaşdı. Geriyə qalan odur ki, defakto bəyan etsin ki, Qarabağ Azərbaycandır”, – siyasi şərhçi əlavə edib.
Müxbir: Qaytən Qasımzadə