Bugun.tv xəbər verir ki, təhlükəli xəstəliklər qrupuna aid olan parkinson beyin hüceyrələrinin itirilməsi ilə müşahidə edilir. Bu, daha çox kişilərdə özünü göstərən və yavaş inkişaf edən neyroendogen xəstəlikdir. İnsan beynində depomin istehsal edən bölmələr var. O kifayət qədər olmadıqda insanda parkinson xəstəliyinin əlaməti görünməyə başlayır.
Əvvəllər xəstəliyin ilkin əlamətləri 55-60 yaşdan sonra aşkar olunurdusa, hazırda 40 yaşdan da aşağı insanlarda da rast gəlinir. Qeyd edək ki, xəstəlik gizli inkişaf edir.
Nevroloq Günay Şükürovanın sözlərinə görə, belə xəstənin sakit vəziyyət halında əlində titrəmə olur, amma hərəkət zamanı bu titrəmələr azalır. “Pankinson xəstələrində hərəkətlərin yavaşlaması, xırda addımlarla yerimək, gəzərkən dar məsafəli yerlərdən keçərkən donmalar müşahidə olunur. Bədən quruluşu önə doğru əyilir. Bunlar “motor” əlamətlərdi. Biz xəstələrdə non-motor əlamətlər də müşahidə edə bilərik. Bunlar hansılardı, depresiyanın olması, panik-atakın olması, bədəndə yayılmış ağrılar, qəbizlik, təzyiqin düşməsi və sair”.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, parkinson xəstəliyi dünya üzrə hər 100 min nəfərdən 21-də rast gəlinir. Təxminən 330 minə qədər insan bundan əziyyət çəkir. İlkin əlamətlər zamanı aradan qaldırılanda istənilən nəticəni əldə etmək olur.
“Bu xəstələrə fiziki aktiv olmağı məsləhət görürük. Fizioterapevtik üsullar onlarda rahatlamağa səbəb ola bilər. Təəssüf ki, xəstəliyin tam müalicəsi yoxdur. Parkinsonla mübarizədə erkən diaqnoz, düzgün müalicə, fizioterapiya və idman çox vacibdir”, həkim tövsiyə edib.
Mənbə: ATV