19 C
Baku
12 Oktyabr 2025, 12:37
Siyasət

“Bu Xankəndində sıradan bir cinayət hadisəsi deyil”

“Xankəndində erməni əsilli vətəndaşın terrora cəhd etməsi sıradan bir cinayət hadisəsi deyil. Bu, kənardan planlaşdırılmış, işlənmiş və həyata keçirilməsi üçün həmin şəxsə verilmiş göstərişdir. DTX-nın cinayət işinin araşdırılmasına qoşulması onu göstərir ki, bu hadisənin göstərişi xaricdən gəlib. Hadisənin Qarabağ regionunda önəmli açılış və görüşlərin baş verdiyi ərəfədə həyata keçirilməsinə cəhd göstərilməsi gərginlik, qorxu və panika yaratmaq məqsədi daşıyırdı” deyən siyasi ekspert Aqil Məmmədov bu barədə öz sosial media hesabında paylaşım edib.

Siyasi ekspert həmçinin qeyd edib ki, hüquq-mühafizə orqanlarının hadisənin təhlükə miqyasını nəzərə alaraq şəxsi məhv etmədən, sadəcə yaralayaraq ələ keçirməsi böyük ehtimalla sifarişi verən dairələrin yuxusunu qaçırıb:

“Cinayətkarın məhv edilmədən ələ keçirilməsi həmçinin Azərbaycan polisinin peşəkarlığından xəbər verir. Buna görə hadisənin qarşısının alınmasında iştirak etmiş bütün DİN əməkdaşlarını da təbrik edirəm. Bu hadisənin erməni əsilli vətəndaşın əli ilə törədilməsi əslində iki məqama xidmət edir.

Birincisi, Azərbaycan və Ermənistan arasında artıq çox yaxınlaşmış sülh prosesinə mane olmaq və iki ölkə xalqları arasında etimadın gücləndirilməsi üçün atılan addımları ləngitmək və hətta mümkün olduğu qədər sabotaj etmək.

İkincisi, hadisə uğurla nəticələnəcəyi təqdirdə Ermənistan daxilində artıq sıradan çıxmaqda olan anti-Azərbaycan və anti-türk qüvvələrə mənəvi dəstək verərək onları Paşinyana qarşı mübarizəyə stimullaşdırmaq idi. İstənilən halda hadisənin planlaşdırılmasında radikal erməni terror təşkilatları və onlara dəstək verən üçüncü ölkələrin xüsusi xidmət orqanlarının aktiv rol oynaması ehtimalı yüksəkdir.

Eyni zamanda son hadisə bir daha göstərir ki, Qarabağ bölgəsində qalmış erməni əsilli vətəndaşlar ciddi nəzarətdə saxlanmalı və onlarla xüsusi profilaktik tədbirlər həyata keçirilməlidir. Bu şəxslərin yaxın ailə üzvlərinin Ermənistana və digər ərazilərə köçməsi onları yaxınları vasitəsilə şantaj və təzyiqlərə məruz qoyaraq cinayətə məcbur edə bilər” deyə siyasi ekspert Aqil Məmmədov vurğulayıb.

Aynur Camal

Oxşar xəbərlər

Avropa, ABŞ, Kanada və Avstraliyada meymun çiçək xəstəliyi yayılır.

Bugün TV

Prezident İlham Əliyev Türkiyədə rəsmi səfərdədir

Aynur Əfəndi Zadə

Bakıda keçiriləcək Formula 1 yarışına ən çox hansı ölkələrin vətəndaşları bilet alıb?

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu