Azərbaycan Kinematoqrafçılar İttifaqı kino xadimlərinin peşə bayramı olan 2 Avqust – Milli Kino Günü münasibətilə mükafatlandırdığı kinematoqrafçıların builki siyahısını açıqlayıb.
Bugun.tv-yə daxil olan məlumata görə, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyinin qərarına əsasən, 2024-ci il üçün İttifaqın ənənəvi mükafatına aşağıdakı kinematoqrafçılar layiq görülüblər:
Əli-Səttar Quliyev (rejissor, prodüser) – Son illərdə uğurlu prodüser fəaliyyətinə görə;
Rasim Cəfər (aktyor) – “Mən burdayam, ilahi!” bədii filmində “Teymur” rolunun uğurlu ifasına görə;
Emil Nəcəfov (prodüser) – Müəllif kinosunun inkişafına töhfələrinə görə;
Orxan Mərdan (prodüser) – “Səma ilə görüş” bədii filminin uğurlu prodüser işinə görə;
Aktyor Rasim Cəfərin çəkildiyi “Mən burdayam, ilahi!” tammetrajlı bədii filmi Vətən müharibəsi mövzusunda çəkilib. Müharibədə yaralanan qazi komadan ayılarkən anasının rəhmətə getdiyini və qızının internata himayəyə verildiyini öyrənir. Həyatını qaydasına salmağa çalışaraq, qızını geri qaytarmaq uğrunda apardığı mübarizədən bəhs edən filmdə ağır döyüş səhnələrindən daha çox, müharibənin insan psixologiyasında buraxdığı izlər və müharibədən çıxmış insanların yaşamaq üçün mübarizəsi ön plana çəkilib.
Emil Nəcəfov bir çox xarici filmlərin ölkə ərazisində çəkilişinin təşkilatçısı, prodüseri olub. Onun prodüseri olduğu filmlər (“Hasar”, “Qız qalası”, “Məhvolma”, “Mən hələ də səninlə danışıram”, “Yadlar”, “Mənim sehrli dünyam” və s.) müxtəlif beynəlxalq festivalların müsabiqə bölməsində iştirak edib və mükafatlara layiq görülüb.
Orxan Mərdanın prodüseri olduğu “Səma ilə görüş” bədii filmində azərbaycansayağı Robin Qud əhvalatı danışılır. Azərbaycan kinematoqrafiyasında uğurlu prodüser layihəsi kimi ərsəyə gətirilmiş filmdə macəra, dram və komediya janrları birləşir. Süjetin kökü qəhrəmanların uşaqlıq xatirələrinə söykənir. Hadisələrin gedişatında gözlənilməz vəziyyətlər kəskin ziddiyyətləri ortaya qoyur…
“Səma ilə görüş” filmi Azərbaycan kinematoqrafiyasında uğurlu prodüser layihəsi hesab olunur.
Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının mükafatı hər il milli kinematoqrafiyanın inkişafında xidmətləri ilə fərqlənmiş yaradıcı şəxslərə ünvanlanır. Mükafatı təsis etməkdə məqsəd, milli kinoda müsbət tendensiyaları diqqət mərkəzinə gətirməkdir. Nominantların seçimini apararkən İttifaqın katibliyi ötən kino mövsümü ərzində gedən prosesi diqqətlə müşahidə və təhlil edir, kinematoqrafiyanın müxtəlif sahələrindəki xidmətləri qeyd edir və açıq səsvermə yolu ilə laureatları seçir. Bu vaxta qədər Xalq yazıçısı Anar, kino rəssamı Firəngiz Qurbanova, diplomat və ictimai xadim Ramiz Abutalıbov, kino və televiziya rejissoru Nazim Rza İsrafiloğlu, aktyor Fuad Poladov, səs rejissoru Əsəd Əsədov, aktyor Fərhad İsrafilov, kinorejissor Murad İbrahimbəyov, kinorejissor Cahangir Zeynallı, operator Yuri Varnovski, bəstəkar Rauf Əliyev, rejissor Mirbala Səlimli, kinoşünas Sevda Sultanova, aktrisa Zülfiyyə Qurbanova, rejissor İlkin Yusif, animator Rəşid Ağamalıyev, prodüser İntiqam Hacılı və başqa peşəkarlar bu nüfuzlu mükafata layiq görülüblər.