7 C
Baku
19 Dekabr 2024, 17:09
Baş xəbər

Bunker müəllimi: İllüziya və reallıq

 Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin  “Bunker müəllimi: illüziya və reallıq” mövzusunda    təşkil etdiyi müsabiqəyə təqdim olunur.                                                                               

    Şübhəsiz, cəmiyyətin əsas, prioritet məsələlərindən biri gənclərin təhsilə cəlb edilməsidir. Təhsilə cəlb olunma prosesi isə imtahanlardan keçir. Minlərlə abituriyentin həyatının mühüm sınağı sayılan imtahanlar… Bu imtahanların necə təşkil olunması, imtahan sualları, ümumən, bu proses… Hər bir abituriyent üçün maraqlı hesab olunan şəxslərdən – imtahanlarının suallarını yazan, tərtib edən müəllimlərdən, daha doğrusu, bunker müəllimlərindən danışacam.

İnanmazdım ki, bir vaxtlar mən də abituriyent kimi DİM-in keçirdiyi qəbul imtahanlarına qatılan biri kimi şəxsən eşitdiyim və çoxuna da inandığım məsələlər barədə fikirlərimi yazacam. Mən qəbul imtahanı verəndə artıq bu idarə (indiki DİM) 20 ildən çox idi ki, fəaliyyət göstərirdi.  Yaxşı xatırlayıram ki, elə o vaxtlar da “bunker müəllimi” “nominasiyası” var idi.  Bunu bəzi hazırlıq yoldaşlarımın söhbətlərində, ən yaxşı hazırlıq müəllimində uşağını hazırlaşdırdığını iddia edən valideynlərin qürurlu  xatırlatmalarında eşidirdik. Ancaq bunu dəqiqləşdirəsi bir sənəd, bir əsas yox idi. Bizim dövrümüzdə “bunker müəllimi” adını təsdiqləyən yeganə bir əsas – imtahanlar bitəndən dərhal sonra  “Space”də qəbul sualları ilə bağlı göstərilən “Abituriyent” verilişi idi. Həmin verilişdə iştirak edənlərin “bunker müəllimləri” olduğuna heç kəsin şübhəsi qalmırdı. Bəziləri tanınan universitet və orta məktəblərin müəllimləri, bəziləri Milli Elmlər Akademiyasının elmi işçiləri və bəzən, hətta heç yerdə işləməyən, hər hansı fənni tədrisi edən – repetitorlar da olurdu. (Bunu araşdıranda bildim)

Qəbul prosesinin mühüm hissəsinin zəhmətini çəkən müəllimlərin əməyini azaltmaq istəmirəm, amma “bunker müəllimi” kimi adlandırıldıqlarını böyük ruh yüksəkliyi ilə ictimaiyyətə həvəslə yayan elə bunkerdə iştirak edən müəllimlər idi. Bu onların, ümumən, repetitor kimi abituriyent hazırlıqlarına, həm də maddi durumlarının yüksəlməsinə çox böyük təsir edirdi. Hər halda bunun yayılmasının qarşısını almırdılar, məncə istəmirdilər də. Düzdür, mən də universitetə daxil olandan sonra bildim ki, iki müəllimim “bunker müəllim” imiş: biri ixtisas, biri qeyri-ixtisas. İnsafən, onlardan “bunker müəllimi” olduqlarını eşitməmişdim.

“Bunker müəllim” statusu

Əvvəla, onu qeyd edim ki, bu status müəllimin, mütəxəssissin bunkerə neçə dəfə dəvət olunmasından asılı olmayaraq, hətta bir dəfə orda olsa belə, “verilir”. “Bunker müəllimi” adını qazanan müəllimlər bu “karyerasının” bitməsinin sübutunu göstərməyi də sevmirlər. Qayıdaq “bunker müəllimi” kimlər ola bilər məsələsinə.  Düzü, söhbət apardığım müəllimlər bunun o qədər asan və rahat bir proses olmadığını qeyd elədilər. Belə ki tədris ilinin əvvəlindən başlayaraq bütün fənlər üzrə DİM-də seminarlar keçirilir, bu seminarlarda DİM-in elektron səhifəsində test tapşırıqları sifarişi ilə suallar yazmaqda fəallıq göstərən müəllimlər illərlə çalışmalı olurlar. Bu müəllim, mütəxəssislərin respublikanın hansı bölgəsində yaşamaları, harada işləmələri, neçə yaşlı olmaları o qədər mühüm olmur, ancaq hər hansı fənn üzrə doğrudan da, savadlı, məsuliyyətli olmaları əsas şərt kimi götürülür. Sonrakı mərhələ onların DİM-ə göndərilən sualların ekspertizasında yoxlanmalarıdır. Bu da o qədər qısa olmur, bəzən hətta bir neçə il. Bu sınaqdan da uğurla çıxan müəllim bunkerə göndəriləcək müəllimlərin şərti “siyahısında” nəzərdə tutulur.

Bunkerə getməsi təsdiqlənməzdən əvvəl müəllimlə bir həftə əvvəldən söhbət aparılır. Planları, şəhərdə  olması öyrənilir. Yəqin ki, təqdimat yazılır, etiraz olunmadıqda müəllimə zəng olunur və xəbərdar edilir. Keçiriləcək imtahandan azı 5 gün əvvəl müəllim bu müddətdə evdən kənarda yaşaması üçün vacib, şəxsi əşyaları ilə DİM-ə gəlir.

Bunker deyilən məkan DİM binasının yuxarı mərtəbələrinin birində yerləşir. Daxil olmazdan əvvəl hər bir bunkerə girən çox diqqətlə yoxlanılır: özü də, əşyaları da. Telefon, elektron cihaz, kəsici, deşici əşya və s. bunkerə keçirilmir, müddət bitənədək sahibinə qaytarılması üçün saxlanma yerlərinə götürülür. Deməli, məlum oldu ki, bunker DİM-in inzibati binasının hansısa mərtəbəsidir. Mərtəbənin hər yerində ətrafla əlaqəsi olan pəncərələr, elektrik yuvaları möhürlü olur. Müəllimlərin əvvəldən 2 və ya 3 nəfər olmaqla otaqlara bölgüsü aparılmış olur. Yoxlanışdan sonra heyət üzvləri otaqlarına keçir, əşyalarını yerləşdirirlər. Hamının bunkerə keçidi bitəndən sonra kiçik toplantı olur. Bir zal ancaq müəllimlərin iş prosesi üçün ayrılır. Buradan dəhlizə, otaqlara heç nə aparmaq olmaz. İlk olaraq ekspert müəllimlərlə müqavilələr bağlanır. Dərhal sonra işə başlanır. Əvvəldən nəzərdə tutulmuş yerlərdə əyləşən ekspert müəllimlərin hər biri iki rəqəmli ixtiyari rəqəm deyir, bu rəqəmlər bunker idarəçisi tərəfindən xüsusi jurnala qeyd edilir və imza ilə təsdiqlənir.  Bu rəqəmlər sual bankından sual götürmək üçün deyilir. Müəllimlər kiçik fasilə edir, idarəçisi hər fəndən bu rəqəmlərə uyğun sualları ayıraraq müəllimlərə təqdim edir. İlk olaraq, iki variantdan bir variant düzəldilməsi üçün müəllimlərə təqdim edilir. Beləliklə, növbəti daha 2 variantdan bir variant da seçilir. Sual seçimi apararkən çox diqqətli olmaq lazım gəlir. İki variant hazır olduqdan sonra işə başlanılır. Demək olar ki, hər fənn bu cür seçilir.

Sonrakı iki gün bu variantlarındakı suallar üzərində çox diqqətli iş aparmaq lazım gəlir. Məhz bu əsas məqamı qeyd etməliyəm ki, müəllimlər bunkerdə sual yazmırlar, ancaq təqdim olunan suallar arasından onları seçir və zəruri redaktələr aparırlar. Bu bütün fənlərə aiddir. Dəqiqləşdirmələr və əlavələr etmək üçün buraya əvvəldən gətirilən dərslik, vəsait və kitablardan istifadə olunur. Təbii ki, burada internet olmur. Hər fənn müəllimi iki variantın 7 və yaxud 8-ci çap nüsxələrinədək  üzərində düzəlişlər aparır. Sual kitabçalarının üzərində əvvəldən sona qədər aparılan düzəlişlər müəllimlərə kömək edən operatorlar tərəfindən edilir. Adətən, 4 günün tamamında sual kitabçaları hazır edilir, onların elektron variantı, fləş-karta yığılıb xüsusi nümayəndəyə təhvil verilir, çapa göndərilir. Sonra hər fənn üzrə etalonların (sualların düzgün cavablarının) yazılması, təsdiq olunması başlayır. Sonuncu gün ekspert müəllimlər sualların izahını hazırlayır, təqdimatına hazırlaşırlar.

İmtahanlar olan günü bunkerdəkilər buranı tərk etməyə hazırlaşırlar. Ancaq imtahanlar bitdikdən sonra yenə diqqətli yoxlamadan keçərək bunker heyəti oranı tərk edir.

Həmin vaxt sualları bir daha nəzərdən keçirmək üçün dəvət edilən digər ekspert qrupu adi şəraitdə işə başlayır və onlar da etalon  hazırlayır. Bunkerdən çıxarılan etalonlarla adi şəraitdəki ekspert müəllimlərin etalonları tutuşdurulur. Əgər fərq olarsa, bu abituriyentlərin xeyrinə hesablanır, cavab etalonunda ulduzla göstərilir.

Həmin gün müəllimlər kiçik fasilədən sonra DİM-in canlı yayımında imtahan verən abituriyentlərin, onların valideynlərinin, yaxınlarının suallarına cavab verirlər.    Adətən, 5-6 günlük bunker marafonu sanki bir göz qırpımında bitir.

İmtahanla bağlı bütün məqamlara aydınlıq gətirən və artıq bu fəaliyyəti ilə inamla öyünə biləcəyimiz DİM qabaqcıl dünya təcrübəsi ilə davamlı olaraq tanış olur, fəaliyyətinə mütəmadi olaraq yeniliklər tətbiq edir. Qardaş Türkiyədəki YKS (Ali Təhsil İmtahanları) bir neçə mərhələli olması təcrübəsi artıq Azərbaycanda  həyata keçirilir. Türkiyədəki I mərhələ imtahanı 165 dəq., Azərbaycanda 180 dəq. olmaqla keçirilir. İmtahanın başlamasına 15 dəqiqə qalmış gecikən abituriyentlər Türkiyədə də  Azərbaycanda da imtahana buraxılmır və s.

Artıq son illlər DİM xarici ölkələrdə keçirilən nüfuzlu imtahanları Azərbaycanda da keçirir. Məsələn, SAT, TOEFL İBT, GRE, Pirson Virtual Universitet Müəssisələri (Pearson VUE), Beynəlxalq Sürücülük Vəsiqəsi   (İnternational Driving Licence), Beynəlxalq rus dili imtahanları, Kembric İngilis dili üzrə kvalifikasiyalar və s. Təsadüfi deyil ki, DİM-in keçirdiyi imtahanların nəticələri dünyanın elmi mərkəzləri, universitetləri tərəfindən tanınır.

30 ildən artıqdır ki, Dövlət İmtahan Mərkəzi cəmiyyətin ictimai etimadını, bütün abituriyentlərin inamını  qazana bilmişdir. Düşünürəm ki, ictimaiyyətə qaranlıq qalmasın deyə bu mətləbə – “bunker müəllimi” məsələsinə də aydınlıq gətirmək üçün müsabiqə elan etmiş, bununla da bütün işlərində yaratmağa çalışdığı  şəffaflığı özünəməxsus şəkildə – orijinal bir üslubda təqdim etmişdir.

Mahmud YAQUB,

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin  

İctimai-Siyasi Proqramlar Studiyası Analitik şöbəsinin şərhçisi

Bugün TV

Oxşar xəbərlər

Zelenski NATO-nun Vilnüs sammitində iştirak edəcək

Kəmalə Sultan

İmtahan həyəcanını dəf etməyin yolları – Psixoloqdan müsahibə

Elnarə Dərziyeva

Meyxanaçı həbsi ilə bağlı xəbərə aydınlıq gətirdi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu