Evdə bütün elektrik cihazlarını bir uzadıcı (udlinitel) vasitəsilə qoşmaq rahat görünsə də, bu, ciddi təhlükələr yarada bilər.
Mütəxəssislər bildirir ki, uzadıcılar adətən məhdud gücə hesablanır — çox vaxt 2–3,5 kVt arası. Lakin gündəlik istifadə olunan məişət cihazları bu həddi asanlıqla aşır. Məsələn, elektrik çaydanı, ütü və ya qızdırıcı kimi cihazlar eyni anda işlədikdə ümumi güc kritik səviyyəyə yüksəlir.
Əsas problem qoşulan cihazların sayında deyil, onların ümumi enerji sərfiyyatındadır. Hətta iki güclü cihaz belə uzadıcını həddindən artıq yükləyə bilər.
Təhlükənin ilk əlamətləri
Uzadıcının artıq yükləndiyini göstərən bir sıra əlamətlər var:
- Korpusun isinməsi
- Yanmış plastik qoxusu
- Rozetkaya taxılan hissənin boş və ya çox sıx olması
- Plastikdə qaralma
- İş zamanı xırda çatırtı səsləri
Bu hallarda dərhal tədbir görülməlidir, çünki risk artıq yüksəkdir.
Niyə yanğın baş verir?
Həddindən artıq qızan uzadıcı adətən tədricən sıradan çıxır: əvvəl qoxu yaranır, sonra qaralma və sonda qığılcım əmələ gəlir. Ətrafda parça, kağız və ya toz varsa, yanğın riski daha da artır.
Xüsusilə xalça, pərdə və ya divan arxası kimi havalanması zəif yerlərdə bu təhlükə daha yüksək olur.
Riski necə azaltmaq olar?
- Güclü cihazları (çaydan, ütü, paltaryuyan, qızdırıcı) birbaşa rozetkaya qoşun
- Uzadıcıdan istifadə edərkən cihazların gücünü əvvəlcədən hesablayın
- Yüklənməni bir neçə rozetka arasında bölüşdürün
- Köhnə və keyfiyyətsiz uzadıcıları istifadə etməyin
Qeyd olunur ki, nazik naqilli və qorumasız ucuz uzadıcılar daha tez qızır və daha təhlükəlidir.
