21 C
Baku
15 Mart 2025, 14:09
Baş xəbərDünya

Buz daşqını: 3 trilyon litr su buraxıldı

Şərqi Qrenlandiyanın Katalina gölündə yığılan 3 trilyon litr ərimiş buz suyu həftələr ərzində buraxılaraq Edvard Beyli buzlaqının altında 25 kilometr uzunluğunda tunel yaradıb. Alimlər Şərqi Qrenlandiyada indiyə qədər qeydə alınmış ən böyük buzlaq göl daşqınlarından birini müşahidə ediblər.

Danimarkanın illik su istehlakının üç qatına bərabər olan bu qeyri-adi su axıdılması Qrenlandiyanın Scoresby Sound fyorduna axdı.

Ekspertlər bildirirlər ki, bu nadir hadisə qlobal istiləşmənin təsiri ilə artan buzlaq daşqınlarının yaratdığı risklərə diqqət çəkir.

Danimarkanın Kopenhagen Universitetinin Niels Bohr İnstitutunun alimləri bu prosesi ilk dəfə peyk görüntüləri ilə real vaxt rejimində izləyiblər.

Araşdırmaya görə, Katalina gölü 20 il ərzində əriyən buz suları ilə dolu olub və su zamanla Edvard Beyli buzlaqının altında toplanıb, buzu yuxarı qaldıraraq nəhəng tunel açıb.

Belə qəfil buzlaqlı göl daşqınları elm aləmində Glacial Lake Burst Floods (GLOF) adlanır və son 30 ildə qlobal temperaturun artması ilə daha tez-tez baş verir.

Tədqiqatçılar qeyd edirlər ki, bu cür buzlaq daşqınları xüsusilə Himalay dağları kimi əhalinin sıx məskunlaşdığı bölgələrdə dağıdıcı nəticələrə səbəb ola bilər.

2023-cü ildə aparılan araşdırmaya görə, dünyada 15 milyon insan belə qəfil daşqın təhlükəsi altında yaşayır.

Araşdırmanı aparan Aslak Grinsted, “Qlobal istiləşmə səbəbiylə buzlaq göllərinin daşqın təhlükəsi artır. Bu hadisələri daha yaxşı başa düşmək erkən xəbərdarlıq sistemlərinin inkişafı üçün çox vacibdir” deyib.

Buzlaq göllərinin daşqınları böyük miqdarda enerji buraxır. Alimlərin fikrincə, Katalina gölündən axıdılan suyun hasil etdiyi enerji 22 gün ərzində tam gücü ilə işləyən dünyanın ən böyük atom elektrik stansiyasına bərabərdir.

Tədqiqatçılar vurğulayırlar ki, bu nəhəng gücün yaşıl enerji istehsalı üçün necə istifadə oluna biləcəyini araşdırmaq lazımdır. Lakin Qrenlandiyanın aşağı əhali sıxlığı və infrastrukturun olmaması bu cür təbii enerji resurslarından istifadəni çətinləşdirir.

Araşdırma “Science Advances” jurnalında dərc olunub.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

İsrail Livanın cənubuna yeni hücumlara başladı

Bugün TV

“Qadınlara qarşı zorakılığa son qoyulmalıdır”

Kəmalə Sultan

Martın 29-da gözlənilən hava şəraiti

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu