Əgər siz işəgötürən sahibkarsınızsa istehsalatda baş verən bədbəxt hadisələrə və işçilərinizin peşə xəstəliyinə məruz qalmasına görə məsuliyyət daşıyırsınız. Bu səbəbdən təhlükəsiz əmək mühafizəsini təmin etməlisiniz.
Bugun.tv xəbər verir ki, sığorta üzrə ekspertlər öncədən işçilərin başına gələ biləcək hadisələri nəzərə alaraq “işəgötürənin məsuliyyət sığortasını” almağı tövsiyə edirlər.
Bu sığorta növü işçilərin əmək vəzifəsini yerinə yetirərkən aldığı xəsarət nəticəsində həyat, sağlamlıq və əmlakına dəyən zərərin ödənilməsini təmin edir. Sığortaçı işçinin həlak olması halında ailə üzvləri sığortalıya qarşı iddia qaldırarsa məhkəmə xərclərini ödəmək öhdəliyini üzərinə götürür. Tərəflər arasında müqavilə bağlanarkən sığorta riskləri öncədən müəyyən olunur. Bəs, görəsən, işəgötürənin məsuliyyət sığortası kimlərə şamil edilir?
Sığorta üzrə ekspert Araz Əlaslanlı deyir ki, bu birinci növbədə əmək müqaviləsi əsasında çalışan işçilərə şamil olunur. Daha sonra isə istehsalatda təcrübə proqramını keçən tələbələrə şamil edilir və mülki müqavilə əsasında fəaliyyət göstərən fiziki şəxslərə aiddir. “İşəgötürənin məsuliyyət sığortası işçilərin hər hansı bədən xəsarəti alması, donması, boğulması, yuxarı mərtəbədən yıxılması nəticəsində yaranan öhdəliklərə şamil olunur. Bu sığorta növü hüquqi şəxslərə aid edildiyindən Azərbaycan Respublikası daxilində, əsasən nümayəndəlik kimi fəaliyyət göstərən xarici ölkələr daha çox müraciət edirlər”.
Müsahibimiz qeyd edir ki, bu sığorta növü üzrə tarif və təminat məbləğləri fərqlidir.
“Bu sığorta növü üzrə tarif və təminat məbləğləri şirkətin fəaliyyət növündən, əmək haqqı fondundan, neft və yaxud qeyri-neft sektoru olmasından asılı olaraq qiymətlər dəyişə bilir. Bir də orda verilən məsuliyyət məbləğlərindən çox şey asılıdır. Məsələn, bir şirkətin əmək haqqı fondu ilə digər şirkətin əmək haqqı fondu fərqli olduğu üçün artıq məsuliyyət və təminat məbləğləri fərqlənir. Ona görə də qiymətlər dəyişə bilir”.
Azərbaycan Respublikası qanunvericiliyinə görə istehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari sığorta növü də mövcuddur. Hansısa bir işçinin başına gələ biləcək ölüm və yaxud əlillik dərəcəsi alması halında artıq bu işəgötürən tərəfindən işçisi sığortalanmış sayılır və o təminat altında olur. Eyni zamanda elektrik cərəyanı vurması nəticəsində xəsarət aldıqda, baxmayaraq ki, bu əlillik dərəcəsinə düşmür, sayılmır. Hətta bu halda belə təminat verilir”.
Sığortalı hadisə baş verdiyi zaman 3 gün ərzində sığorta şirkətinə və səlahiyyətli dövlət orqanlarına bu haqda bildirməlidir. Bundan başqa hadisənin səbəbini, zərər və ziyanın miqdarını müəyyən etmək üçün lazım olan məlumat və sənədləri təhvil verməlidir.