Bugun.tv xəbər verir ki, Azərbaycanın görkəmli şairi, ədəbiyyatşünası Bəxtiyar Vahabzadənin 100 ili tamam olur.
Öncüllüyü Vətən olan şair 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifi olub. Şairin əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilib.
Xalqı oyandırmaq məqsədiylə əsərlərini qələmə alan Bəxtiyar Vahabzadə şeirlərində; vətən, millət, ailə, təbiət, dil, azadlıq həsrəti kimi mövzuları ən güclü və dərin məzmunlarla izah edib.
Qeyd edək ki, Azərbaycanı öz poetik əsərləri ilə Dünyaya tanıdan şairimizin 100 illik yubileyi münasibətilə ölkəmizin hər yerində tədbirlər keçirilməsi haqqında 21 fevral 2025-ci ildə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Bu tədbirlərdən bir də, Yasamal rayon MKS-inin X.B.Natəvan adına 4 nömrəli kitabxana filialında baş tutub.
Tədbiri sözügedən kitabxananın rəhbəri Kamilə Novruzova açaraq qonaqları və iştirakçıları salamlayıb. O, B.Vahabzadənin həyat və yaradıcılığının əsas məqamlarına toxunub. Qeyd edib ki, Xalq yazıçısı Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə əlaqədar kitabxanada silsilə tədbirlər, şeir və inşa müsabiqələri təşkil olunacaq.
Daha sonra Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və şairin öz səsi ilə söylədiyi “Vətən” şeiri səsləndirildi.
Ulu Öndər Heydər Əliyevin Bəxtiyar Vahabzadəyə çox önəm verdiyini vurğulayan tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova çıxışı zamanı şairin yaradıcılığı, Şəkidəki Ev muzeyi, M.Kaşqari adına Beynəlxalq fond tərəfindən Şəkidə B.Vahabzadənin 100 illik yubileyinə həsr olunan Beynəlxalq konfrans haqqında qısa məlumat verib. O, həmçinin qeyd edib ki, B.Vahabzadənin Vətən və vətənpərvərlik, şəhidlər, ana dilimiz, ana haqqında gözəl şeirləri var. Lətifə Məmmədova şairin lirik şeirlərinə toxunub, şairin 1975-ci ildə yazdığı “Muğam” poeması haqqında da məlumat verib.
Tədbirə dəvət olunan qonaqlar arasında Şair Aləmzar İlay çıxışı zamanı B.Vahabzadənin Vətənə, xalqa bağlılığından danışıb. O, bildirib ki, B.Vahabzadənin Vətən haqqında şeirləri hər birimizə örnəkdir. Aləmzar İlay şairin “Görən hara gedir bu millət” şeirini səsləndirib.
“Qızıl qələm” mükafatı laureatı, şair Natella Nur B.Vahabzadə ilə bağlı xatirələrini bölüşüb. Qeyd edib ki, şairlə ilk dəfə tələbəlik illərində görüşüb və B.Vahabzadə ona avtoqrafı ilə kitab bağışlayıb, həmçinin adının sonuna “Nur” yazılmasını tövsiyə edib.
Şair Bayram Aşıqlı B.Vahabzadənin vətənpərvərliyindən, onun bayrağa olan sevgisindən danışıb.
“Uğurlu yol” qəzetinin məsul işçisi Nüsrət Əlioğlu bildirib ki, Azərbaycan xalqı çox xoşbəxt xalqdır ki, Bəxtiyar Vahabzadə kimi şairi var. O, B.Vahabzadənin gələcək nəsillərə örnək olduğunu diqqətə çatdırıb.
Mərkəzi Kitabxananın fəal oxucusu, şair Aytəkin Mehmanqızı çıxışında B.Vahabzadənin sözünün işığına toplanıldığını bildirib. Xalq şairinə ithaf etdiyi şeirini səsləndirib. O, B.Vahabzadənin “Bir ürəkdə dörd fəsil” şeirini səsləndirib.
“Gənclik gələcək press” və “Sənət dünyası” qəzetinin baş redaktoru, Əməkdar mədəniyyət işçisi, “Gənclik” nəşriyyatının direktoru Adil Abdullayev B.Vahabzadənin onun müəllimi, çox tələbkar, səmimi, xeyirxah insan olduğunu fəxrlə qeyd edib və çıxışını bu sözlərlə yekunlaşdırıb: “O, bizə Vətəni sevməyi, dilimizin saflığını, onu qorumağı öyrətdi, şair bizə həyat dərsi keçirdi”.
Yazıçı, publisist Əli Yusif Xalq şairi Bəxtiyar Vahabzadənin alim, müəllim olduğunu, gördüyü işlərin əvəzolunmazlığından danışıb. Bildirib ki, B.Vahabzadə millət üçün əlindən gələni edib.
“Qızıl Zəngilan” jurnalının layihə rəhbəri və təsisçisi Tarverdi Abbasov B.Vahabzadənin özəl xarakterli olduğunu və bunu ən yaxşı Ulu Öndər Heydər Əliyevin bildiyini, bütün parlament iclaslarında ona söz verdiyini vurğulayıb.
Şair-publisist Tubu İman şairin “Bir salama dəymədi” şeirini səsləndirib.
“Qızıl Zəngilan” jurnalının redaktoru Möhübbət Qurbanov, “Xalq hakimiyyəti” qəzetinin baş redaktoru Surxay Hümbətov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, Zəngilan Rayon Veteranlar Təşkilatının sədri Ənvər Qarayev, şair Şəhla Qarabağlı B.Vahabzadə ilə bağlı xatirələrindən danışıblar.
Tədbir iştirakçıları Bəxtiyar Vahabzadənin xeyirxah əməllərindən, onun gənclər haqqında ibrətamiz çıxışlarından bəhs ediblər.
Tədbirdə B.Vahabzadəyə həsr olunan videoçarx izlənilib və xatirə fotolar çəkilib: