Cənubi Koreyada təşkil olunan əsas dini təlim dərsləri ölkədə İslama marağın artmasına səbəb olub. Bu barədə məlumatı ölkədə fəaliyyət göstərən Kore Müsəlman Federasiyası (KMF) nümayəndələri açıqlayıb.
Bildirilib ki, KMF tərəfindən təşkil edilən 4 həftəlik əsas İslami təlim proqramları il boyu davam edir və bu kurslara qatılan koreyalıların İslam dininə marağı getdikcə artır.
Paytaxt Seul şəhərində yerləşən Mərkəzi Məsciddə keçirilən dərslər çərçivəsində iştirakçılara İslamın əsas prinsipləri, tarixi və ibadət qaydaları öyrədilir.
Məscidin imamı Abdurrahman Li bildirib ki, müxtəlif yaş qruplarından olan ziyarətçilərə təqdimatlar, videolar və praktiki izahlar vasitəsilə İslam dini tanıdılır. Onun sözlərinə görə, təlimlərdən sonra hər ay orta hesabla 15-25 nəfər İslamı qəbul edir, ölkə üzrə isə bu rəqəm illik 200-300 nəfərə çatır.
Federasiya rəsmiləri qeyd ediblər ki, təlimlər zamanı iştirakçılara İslamın beş şərti, imanın əsasları, halal və haram anlayışları izah edilir, həmçinin namaz və dəstəmaz praktik şəkildə öyrədilir. Bundan əlavə, müxtəlif maarifləndirici materiallar, broşürlər və video kontentlər də hazırlanaraq ictimaiyyətə təqdim olunur.
Təlimlərdə iştirak edən koreyalılar İslam haqqında əvvəlki yanlış təsəvvürlərinin dəyişdiyini, bu dinin mahiyyətini daha yaxşı anladıqlarını bildirirlər. Onların sözlərinə görə, İslam həyatın mənasını dərk etməyə kömək edir və bir çox suallara cavab verir.
Qeyd edək ki, KMF ölkədə İslamın düzgün tanıdılması məqsədilə digər dini qurumlarla da əməkdaşlıq edir və ictimai maarifləndirmə fəaliyyətlərini davam etdirir.
Mənbə: Anadolu Agentliyi
