Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Ulu Öndər heç bir Azərbaycan ailəsinin taleyinə laqeyd qalmırdı:
“O, Azərbaycanda ailə ənənələrimizin ləyaqətlə davam etdirilməsi üçün hər bir imkan və şəraiti yaradır, bu işdə dəstəyini xalqdan əsirgəmirdi. Ailəni, ailə münasibətlərini son dərəcə yüksək dəyərləndirən Heydər Əliyev hesab edirdi ki, cəmiyyətdəki qarşılıqlı münasibətlərdə olduğu kimi, ailədə də hər bir insan özünəməxsus statusa, qayda-qanuna, əlaqələrə və prinsiplərə riayət etməlidir. Hər bir ailə üzvü öhdəsinə düşən funksiyaları yerinə yetirməli, ailənin rifahı üçün bacardığını etməli, ailə üzvlərinə hörmət və qayğı göstərməli, ailənin sevincini və kədərini birgə yaşamalı, bu sahədə mövcud olan ümumi ənənə və qaydalara sadiq olmalıdır. Çünki ailə olmasa, cəmiyyət də inkişaf edə bilməz. Cəmiyyətin inkişafı ailələrin inkişafından asılıdır. Ailə institutunun möhkəmliyi cəmiyyətin və dövlətin güclənməsinə, inkişaf etməsinə zəmin yaradır”.
Dünyada ən yaxşı ailə modeli
Komitə sədri bildirir ki, Ümummilli Liderin müəllifi olduğu Azərbaycan Konstitusiyasında ailənin mahiyyəti, ailə üzvlərinin vəzifə və hüquqları xüsusi maddələrlə təsbit edilib: “Eləcə də, 2000-ci ildə Ailə Məcəlləsinin qəbul olunması nəticəsində ailə üzvlərinin digər hüquq və vəzifələri ilə yanaşı, mülki hüquqları da müəyyən olundu. Ailə üzvlərinin sağlamlığı, xüsusilə ana və uşaqların sağlamlığının mühafizəsi çox önəmli məsələlərdir. Heydər Əliyev ailədə sağlam uşaqların doğulması, eləcə də, narahatlıq doğuran məsələlərdən biri olan, qan qohumluğunun qarşısının alınması istiqamətində xüsusi fəallıq göstərir, tibb işçilərinə göstərişlər verir və ən müxtəlif səviyyələrdə müzakirələr aparırdı. Bu bir həqiqətdir ki, sağlam ailə sağlam nəsil, sağlam millət deməkdir. Bu baxımdan, Ulu Öndərin imzaladığı “Əhalinin sağlamlığının qorunması haqqında” qanunu xüsusilə qeyd etmək lazımdır. Məhz bu xidmətin və qayğının nəticəsidir ki, ildən-ilə ailələrin sayı çoxalaraq, hazırda iki milyona çatıb. Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modeli kimi qiymətləndirilir”.
H.Hüseynovanın sözlərinə görə, bir çox Avropa və MDB ölkələrinin vətəndaşları xalqımızın möhkəm ailə ənənələrinə çox böyük rəğbətlə yanaşır: “Bütün bu spesifik xüsusiyyətlərin qabarıq şəkildə özünü büruzə verməsi, təbii ki, xalqımızı yaxşı mənada fərqləndirir. Məhz bu nəcib keyfiyyətlər xalqımızın qan yaddaşından irəli gələn əxlaq normalarıdır. Heydər Əliyev də uşaqların düzgün tərbiyə alması və sağlam böyüməsini xüsusi olaraq diqqətdə saxlayırdı”.