Bugun.tv –yə daxil olan məlumata görə, deputat Ceyhun Məmmədov öz sosial media hesabında Ramazan ayı ilə bağlı paylaşım edib.
Millət vəkili bildirib ki, orucu yalnız qida qəbul etmək pozmur. Onun sözlərinə görə, insanların haqqına girmək, yalan danışmaq, aldatmaq, dedi-qodu ilə məşğul olmaq, xəbər aparıb-gətirmək və digər günah əməllər də orucun ruhuna ziddir. Deputat vurğulayıb ki, oruc cismən, fikrən və əmələn tutulmalıdır.
Ceyhun Məmmədov paylaşımında Məhəmməd Peyğəmbərin (s) hədisinə istinad edib: “Kim yalan danışmaqdan və bu yalana əməl etməkdən əl çəkməsə, yeməyini və içməyini tərk etməsinə Allahın ehtiyacı yoxdur”.
Deputat qeyd edib ki, İslam ibadətlərinin əsas məqsədlərindən biri insanın mənəvi saflaşması, paklaşması və günahlardan uzaqlaşmasıdır. Onun fikrincə, oruc yalnız mədənin deyil, həm də əməllərin orucudur. Əgər bir şəxs oruc tutur, lakin bu onun davranışında və əməllərində öz əksini tapmırsa, sadəcə ac qalmaq ibadətin mahiyyətini ifadə etmir.
Millət vəkili sonda Allahdan tutulan oruc və duaların qəbul olunmasını diləyib, ölkəmiz və xalqımız üçün xeyir-dua edib.
