“Hesab edirəm ki, İsveçdə Qurani-Kərimin yandırılması növbəti dəfə Qərb demokratiyasının əsl mahiyyətini ortaya qoydu. Bu gün təəssüflə bildiirrəm ki, demokratiyadan, insan hüquqlarından bəhs edən bir dövlətdə milyardlara insanın müqəddəs kitabı olan Qurani-Kərim dövlət qurumlarının gözü qarşısında yandırılır. Və bu ilk hadisə deyil. Artıq bir neçə dəfədir ki, baş verir. Bədbəxt insanlar anlamır ki, Qurani-Kərimi bəşəriyyətə İncili, Tövratı göndərən Allah göndərib. Yəni bütün müqəddəs kitabların mənbəyi onların da ibadət etdiyi, inandıqları Allahdır”.
Bugun.tv xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Ceyhun Məmmədov sosial media hesabında bildirib.
C. Məmmədovun fikrincə, onlar bu əməlləri ilə yalnız müsəlmanları deyil, eyni zamanda Uca Tanrını qəzəbləndirirlər, ona qarşı çıxırlar. İbadət etdikləri Allahın bəşəriyyətin hidayəti üçün göndərdiyi kitabı yandıraraq günahlarını artırırlar.
“Onsuz da bu ölkələrin əli tarix boyu milyonlarla müsəlmanın qanına batıb. Təəssüf ki, bu gün də onlar bu ənənəni davam etdirirlər. Və bununla sanki müsəlman dünyasına hansısa mesajı verməyə çalışırlar. Mən bir daha qeyd edirəm ki, bu əməli törədənlər anlamalıdırlar ki, bu daha çox onların da səcdə etdiyi Allaha qarşı atılmış bir addımdır. Tarix boyu bir dənə fakt yoxdur ki, müsəlmanları İncili, Tövratı yandırsınlar. Çünki bizim üçün Qurani-Kərim qədər İncil də, Tövrat da müqəddəsdir. Həmin kitablar bizə Qurani-Kərimi göndərən Allaha məxsusdur. Bizim borcumuzdur ki, bütün müqəddəs kitablara hörmət və ehtiramla yanaşaq”,- depuatat söyləyib.
C.Məmmədov bildirib ki, bu ölkələr bilərəkdən və ya biıməyərəkdən dinlərarası münasibətlərin normallaşmasına xələl gətirir. Tarix boyu bəşəriyyət din zəmnində baş vermiş yüzlərlə münaqişədən ciddi əziyyət çəkib. Çoxlu sayda insan bu hadisələrin qurbanı olub. Bu gün həmin insanlar körükçü rolunda çıxış edərək yenidən dinlər arasında qarşıdurmanı qızışdırmağa, nifaq toxumu səpməyə çalışırlar. Təəssüf ki, bu xoşagəlməz hərəkətləri özünü insan hüquqlarının müdafiəçisi hesab edən bir dövlətin timsalında, nümunəsində görürük.
“Bu gün bəşəriyyətin yüksək elminin inkişafının getdiyi bir dövrdə elmin nailiyyətlərinə yiyələnən bir ölkə müsəlmanların dini kitabı olan Qurani-Kərimi yandıraraq özlərinin nə qədər cılız və mənəviyyatsız olduqlarını bir daha açıq-aydın göstərdilər. Əlbəttə, bir müsəlman olaraq bizi belə hadisələrin baş verməsi çox təəssüfləndirir. Ancaq onlar da bilsinlər ki, bu kitabın həqiqi sahibi Uca Tanrıdır. Allah onların bütün bu hərəkətlərini görür və hər bir ölkə, hər bir kəs törtdiyi əməllərə görə mütləq öz layiqli cəzasını həm bu dünyada, həm də axirətdə alacaq2,- deputat vurğulayıb.