11 C
Baku
26 Fevral 2026, 15:34
Baş xəbər

Ceyhun Məmmədov: “Xocalı faciəsi Azərbaycan xalqının yaddaşından silinməyəcək”

Ceyhun Məmmədov, Xocalı soyqırımı 26 fevral, 613 şəhid, Heydər Əliyev qərarı 1994, Xocalıya ədalət kampaniyası, Leyla Əliyeva təşəbbüsü, İslam Əməkdaşlıq Təşkilatı qərarı, Qarabağ müharibəsi

Bugun.tv-yə daxil olan məlumata görə, deputat Ceyhun Məmmədov öz sosial media hesabında Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib.

Deputat bildirib ki, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımından 34 il ötür. Onun sözlərinə görə, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıya hücum edib, nəticədə 613 dinc sakin qətlə yetirilib, yüzlərlə insan yaralanıb və girov götürülüb.

Ceyhun Məmmədov qeyd edib ki, bu faciə bütün beynəlxalq hüquq normalarına zidd olaraq törədilib və dinc əhaliyə qarşı amansız qırğın həyata keçirilib. O vurğulayıb ki, Xocalı faciəsi əsl siyasi və hüquqi qiymətini Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra alıb.

1994-cü ildə Azərbaycan parlamenti 26 fevral tarixini Xocalı Soyqırımı Günü elan edib.

Deputat bildirib ki, Xocalıda törədilən cinayətlərin miqyası və xarakteri Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın müddəalarına uyğun gəlir.

Millət vəkili əlavə edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqları işğaldan azad edib və şəhidlərin qanı yerdə qalmayıb. O vurğulayıb ki, Azərbaycan xalqı heç zaman bu faciəni unutmayacaq və belə cinayətlərin cəzasız qalmasına imkan verilməməlidir.

Ceyhun Məmmədov həmçinin “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasının əhəmiyyətini qeyd edib. Kampaniyanın təşəbbüskarı Leyla Əliyevadır və bu təşəbbüs 2008-ci ildən etibarən müxtəlif ölkələrdə həyata keçirilir. Deputat bildirib ki, İslam Əməkdaşlıq Təşkilatı Xocalıda törədilən əməlləri insanlığa qarşı kütləvi cinayət kimi tanıyıb və üzv dövlətləri bu faciəyə siyasi-hüquqi qiymət verməyə çağırıb.

Deputat vurğulayıb ki, hər il minlərlə insanın iştirakı ilə keçirilən anım mərasimləri Xocalı qurbanlarının xatirəsinə ehtiramın ifadəsidir və Azərbaycan xalqı bu cinayəti heç vaxt unutmayacaq.

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: “Xocalı faciəsi unudulmayacaq, yeni səhifə artıq açılır”

Aynur Camal

Azərbaycanın dinməyən ağrısı: Xocalı qətliamının 34-cü ili

Aynur Camal

İnsanlıq tarixinin qara ləkəsi! Xocalı Soyqırımının 34-cü ildönümü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu