“Cümhuriyyət Xalq Partiyası (CHP) növbəti qurultay öncəsi “Dış Politika, Güvenlik ve Dirençlilik” daxil olmaqla dörd əsas istiqaməti əhatə edən yeni seçki proqramını təqdim edib. Sənəddə “Yurtta sülh – cihanda sülh” konsepsiyasına dönüş və xarici siyasətdə Avropa İttifaqı (Aİ) ilə NATO-ya inteqrasiyanın prioritet olması diqqət çəkir”.
Bugun.tv– xəbər verir ki, bu barədə şərhi politoloq Aqil Məmmədov öz sosial media hesabında paylaşıb.
Politoloqun sözlərinə görə, CHP-nin təqdim etdiyi genişhəcmli sənəddə Türkiyənin Qafqaz, Mərkəzi Asiya və Türk Dövlətləri Təşkilatı (TDT) ilə əməkdaşlığına yalnız ötəri şəkildə toxunulması, partiyanın xarici siyasətdə aktiv hücum diplomatiyasından müdafiə xarakterli diplomatiyaya keçidi hədəflədiyini göstərir.
Aqil Məmmədov qeyd edib ki, CHP-nin Aİ və NATO ilə əməkdaşlığı dərinləşdirməyə dair bəyanatları Brüsselin direktivlərinə uyğunlaşma niyyətinin açıq göstəricisidir. Lakin sənəddə Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə strateji tərəfdaşlığa dair konkret konturların qeyd olunmaması partiyanın regionu yalnız geniş coğrafi vahid kimi görməsi təəssüratı yaradır.
Politoloq bildirib ki, Avropa İttifaqı və ABŞ hazırda Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə əlaqələri gücləndirməyə çalışdığı halda, CHP-nin təqdim etdiyi xarici siyasət vizyonu Türkiyənin regional maraqlarına zidd görünür. Onun fikrincə, Avropa üçün Azərbaycan Mərkəzi Asiyaya açılan əsas qapı və Xəzər resurslarının Avropanın enerji təhlükəsizliyi arxitekturasında mühüm dayağı hesab edilir.
Aqil Məmmədov sonda vurğulayıb ki, CHP-nin yeni proqramı Türkiyənin Qafqaz və Mərkəzi Asiyada formalaşdırdığı strateji xətti zəiflətmək ehtimalı yaradır və “Aİ-yə yaxşı görünmək” məqsədilə milli maraqlardan geri addım kimi qiymətləndirilə bilər.
