Dünya

Çin Arktik üzərindən Avropaya ilk müntəzəm yükdaşıma marşrutunu başladıb

Bugun.TV xəbər verir ki, Çin Avropaya yük daşınması üçün Arktik sulardan keçən ilk müntəzəm kommersiya marşrutunu işə salıb. Yeni marşrut Rusiyanın şimal sahilləri boyunca uzanan Şimal Dəniz Marşrutundan istifadə edir və Çinlə Avropa arasında dəniz daşımalarının müddətini əhəmiyyətli dərəcədə azaltmaq məqsədi daşıyır.

Yeni “Arctic Express” xidməti Çin şirkəti Sea Legend tərəfindən həyata keçirilir. İlk gəmi Çinin Ninbo şəhərindən yola düşərək Böyük Britaniyanın Felikstou limanına istiqamətlənib. Gəminin 1 740 standart konteyner daşımaq gücündə olduğu bildirilir. Şirkət Arktik marşrut üzrə avqustdan oktyabrın sonunadək səkkiz səfər həyata keçirməyi planlaşdırır.

Marşrutun əsas üstünlüyü səfər müddətinin qısalmasıdır. Şirkətin əvvəlki sınaq səfərində Çinlə Avropa arasındakı yol təxminən 20 günə qət edilib. Bu, Ümid burnundan keçən ənənəvi marşrutla müqayisədə səyahət müddətini əhəmiyyətli dərəcədə azalda bilər. Yanacaq sərfiyyatının da marşrutun qısalması hesabına aşağı düşməsi gözlənilir.

Arktik marşrutun inkişafında iqlim dəyişikliyinin də mühüm rolu var. Son 50 ildə Arktikanın yay aylarında müşahidə olunan buz örtüyünün təxminən yarısı əridiyi bildirilir. Bu isə yay və payızın müəyyən dövrlərində gəmiçilik üçün daha əlverişli şərait yaradır.

Lakin yeni marşrut hələlik Süveyş kanalının alternativi hesab olunmur. Şimal Dəniz Marşrutu yalnız ilin məhdud hissəsində istifadəyə açıqdır, buz sahələri və sürətlə dəyişən hava şəraiti ciddi risk yaradır. Bəzi hallarda gəmilərin buzqıran gəmilərin müşayiətinə ehtiyacı olur. Arktikadakı sığorta xərclərinin də daha yüksək olduğu bildirilir.

Marşrutun geosiyasi əhəmiyyəti də diqqət çəkir. Şimal Dəniz Marşrutuna keçid Rusiyanın nəzarət etdiyi sulardan həyata keçirilir və gəmilər üçün müvafiq icazələrin alınması tələb olunur. Buna görə yeni ticarət xətti yalnız iqtisadi deyil, həm də Çin, Rusiya və Avropa arasındakı geosiyasi münasibətlər baxımından əhəmiyyətli addım hesab olunur.

Mütəxəssislərin hesablamalarına görə, yaxın beş il ərzində Şərqi Asiya, Avropa və Şimali Amerika arasındakı ticarətin təxminən 3,5 faizi Arktik marşrutlardan istifadə edə bilər. Bu isə təxminən 64 milyard dollar dəyərində yük deməkdir.

Mənbə: The Wall Street Journa

Aynur Camal

Oxşar xəbərlər

Alimlər 40 yaşdan sonra gəncliyi qorumağa kömək edən 5 vərdişi açıqladı

Aynur Camal

Süni intellekt alimlərin 10 ilə yaxın araşdırdığı hipotezi 48 saata tapdı

Aynur Camal

İndoneziyada güclü zəlzələdən sonra minlərlə insan hələ də yardım gözləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu